Ağstafada dəhşətli qətl törədilib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.
S. Əliyevin qətlə yetirildiyi məlum olub.
Ağstafada baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Ağstafa rayonunda törədilmiş qətlə bağlı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər. Bunu APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.