Qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması istiqamətində daxili işlər orqanlarının uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekabrın 22-də Qusar rayonunun Hil kənd sakini Seyfəddin Rəhmanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş həmin kənd sakini Zamir Zalov saxlanaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı Z.Zalov cari ilin noyabr ayının əvvəlində gecə saatlarında həmkəndlisi həmin evdə heç kəsin olmadığı müddətdə pəncərədən evə daxil olmasını, oradan qızıl-zinət əşyalarını, 50 manat pul və istifadə olunmuş mobil telefon oğurladığını etiraf edib. Həmin əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Nizam HƏMİDOV polis leytenantı