Adətən əhalinin sıx toplaşdığı yerlərdə, hərəkətin pik vaxtında ictimai nəqliyyatda öz çirkin əməllərini törədib məsuliyyətdən yayınacağını düşünənlər yanılır.
Son vaxtlar hər gün yüz minlərlə paytaxt sakininin və qonaqların istifadə etdiyi Bakı Metropolitenində ara-sıra cibgirlik faktları baş versə də, bu əməlləri törədənlər heç də düşündükləri kimi qaçıb aradan çıxmaqla məsuliyyətdən yayına bilmir. Polisin sayıqlığı və peşəkarlığı nəticəsində saxlanaraq məsuliyyətə cəlb olunurlar.
Son günlər Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Dilrubə Sadətdinli, Neftçala rayon sakini Fatimə Yunusova və Bərdə rayon sakini Nigar Vəliyeva metronun “Elmlər Akademiyası” və “Həzi Aslanov” stansiyalarında pul və sənədləri olan pulqabılarının oğurlanmaları barədə məlumat veriblər.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayətin üstü qısa vaxtda açılıb və bu əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Hüseyn Quliyev olduğu müəyyən edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı