Daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər bu istiqamətdə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə metro stansiyalarında cibgirliklə məşğul olan şəxslər müəyyən edilib yaxalanaraq istintaqa təhvil verilib.
Dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.
Faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıb. Nəticədə dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olduğu məlum olub və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurladığı da müəyyən edilib.
Yenə metroda, yenə cibgirlik...
Dekabrın 18-də də Metropolitendə Polis Şöbəsinə analoji müraciətlər daxil olub. Beyləqan rayon sakini Səbinə Səfərli və Bakı şəhər sakini Kamran Quliyev metronun “Elmlər Akademiyası” və “Nəriman Nərimanov” stansiyalarının platformalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə məlumat veriblər.
Polis əməkdaşlarının peşəkarlıqla və “isti izlərlə” keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğun üstü qısa vaxtda açılıb və bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
Araşdırmalarla onun Neftçala rayon sakini Natiq Bədəlov olduğu müəyyən edilib. Baxış zamanı onun üzərindən və kirayədə yaşadığı mənzildən ümumilikdə 4 ədəd - 2 ədəd “Samsunq J-2” , 1 ədəd “LG” və 1ədəd “İphone 5 S” markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı