Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gedərək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla ötən ilin sentyabr ayından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdiyi tədbirlərlə həmin evdə qulluqçu kimi işləyən qadın şübhəli bilinərək saxlanıb.
İstintaqa təhvil verilən Bakı şəhər sakini Ofeliya Zurabova törətdiyi əməli etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı, bir hissəsini isə lombardlara verdiyi müəyyən edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı