DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekabrın 10-da axşam saatlarında Şabran Mərkəzi Xəstəxanasından şəhər sakini Roman Dəmirovun qarın boşluğuna daxilə nüfuz edən zərbə nəticəsində aldığı xəsarətlə gətirilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.
RPŞ əməkdaşlarının isti izlərlə keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyən olunub. Keçirilmiş tədbirlərlə şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.
Faktla bağlı Şabran RPŞs-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı