Daxili İşlər Nazirliyi (DİN) Bakıda 14 yaşlı oğlanı oğurlayan şəxsin görüntülərini yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20 000 manat istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.
Keçirilən təxirəsalınmaz tədbirlərlə C.Qasımovun "VAZ-21154” markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.