1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhəti pisləşib. Trend-in məlumatına görə, bir müddət əvvəl A.Çovdarovun səhhətində qəfil problem yaranıb və o özünü pis hiss edib. Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib.
Müraciətdən sonra A.Çovdarov həkim komissiyası tərəfindən müayinə olunub və onun ürəyində ciddi problem aşkarlanıb.
Məlumata görə, A.Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. Hazırda o tibb məntəqəsində həkim nəzarətində saxlanılır. A.Çovdarov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən isə imtina edib.
Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb.