Bakıda universitetdən oğurlanan 500 min manat pulun kimin otağından aparıldığı məlum olub. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, içərisində 500 min manat olan seyf Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin xidməti otağından oğurlanıb.
M. Vəliyev Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur.
Ə. Vəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub. "Hadisəni törədənlərin hamısı məlumdır, artıq tutulanlar da var", - deyə rektor qeyd edib.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.