İranın Türkiyədəki səfiri Türkiyə XİN-ə çağırılaraq, ondan ölkəsinin bir sıra mətbu orqanlarında yer alan fikirlərə dərhal son verilməsi istənilib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, buna səbəb bu ölkənin bəzi mətbu orqanlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına bu yaxınlarda baş tutan səfəri ilə şiə müctəhidinin edam olunması olayı arasında hər hansı bağlılığın olması barədə yazıların yer almasıdır.
Türkiyə XİN səfirdən qəti şəkildə bu tip əsassız yazılara son qoyulmasını tələb edib. Qurumun məsələ ilə bağlı yaydığı aşıqlamada deyilir:”İranın Ankaradakı səfirinin diqqətinə çatdırıldı ki, İran rəhbərliyinə yaxın KİV-də yer alan yazılarda hörmətli Prezidentin Səudiyyə Ərabistanına bu yaxınlarda etdiyi səfərin qalmaqallı şiə müctəhidinin edam olayı ilə əlaqələndirilməsi onun ünvanına səsləndirilən təhqir kimi qiymətləndirilir. Bu tip yazılar qonşu İranda Prezidentimiz haqqında mənfi ictimai fikrin formalaşdırılmasına hesablanıb. Biz dərhal belə yazılara son qoyulmasına çağırırıq”. Bəyanatda o da qeyd olunur ki, diplomatik missiyaların toxunulmazlığı onun yerləşdiyi ölkə üçün ciddi cavabdehlik yaradır. O üzdən Səudiyyə Ərəbistanının Tehrandakı və Məşhəddəki dipmissiyalarına hücumlar yolverilməzdir.