Quba Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirimiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər. Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.