Kredit götürmək üçün iş yerindən arayış ləğv edilir
Xəbər verildiyi kimi, artıq banklardan kredit götürmək üçün iş yerindən arayış almağa ehtiyac olmayacaq. Bu funksiyanı "Elektron hökumət" portalının istifadəyə verəcəyi yeni xidmət növü vasitəsilə əvəzləmək mümkün olacaq.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov mətbuata açıqlamasında məlumat verib. Onun sözlərinə görə, artıq qeyd olunan mexanizmlə bağlı banklardan biri ilə pilot layihə həyata keçirilir: "Yaxın həftələr ərzində kreditlərin verilməsi üçün arayışların vətəndaşlar tərəfindən elektron portal üzərindən göndərilməsi xidmətini tam olaraq istismara verəcəyik. Bilirsiniz ki, banklar kredit vermək üçün risqləri yoxlayır. İlk növbədə vətəndaşın vəzifəsi və aldığı əməkhaqqı barədə arayış tələb edir və vətəndaş bu arayışı alıb aparmaq üçün xeyli vaxt sərf etmiş olur. Amma indi imkanlar dəyişir. Elektron imzası olan vətəndaş portalda özü haqqında məlumat formalaşdıracaq və elektron arayışı banka göndərəcək. Göndərilən arayışda, əlbəttə ki, "Elektron hökumət" portalının təsdiqi olacaq və bu həm də bankın müştəriyə olan inamını artıracaq. Çünki burada hər hansı saxtakarlıqdan söhbət belə gedə bilməz".
Məsələyə münasibət bildirən Əli Əlirzayev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, banklardan kredit götürmək üçün iş yerindən arayışın ləğv olunması təqdirəlayiqdir: "Bu gün onlarla insan var ki, onlar dövlət qurumunda deyil, özəl sektorda işləyir. Özəl sektorda işləyənlərə arayış verilmirdi. Bu səbəbdən həmin insanlar banklardan kredit götürə bilmirdilər".
Müsahibimizin sözlərinə görə, elektron imzası olan vətəndaşlar rahat şəkildə bankdan kredit götürə bilər. Avropa ölkələrində də elektron imzaya malik olan şəxslər iş yerindən arayış almadan bankdan kredit götürür. Bu çox yaxşı təcrübədir.