Rövşən Tağıyev: “Şopinq Festivalı ölkənin tanıtımı baxımından böyük əhəmiyyət daşıyır”
Məlumdur ki, oktyabrın 15-dən etibarən paytaxt Bakıda Şopinq Festivalı keçirilir. Festival noyabrın 15-nə qədər davam edəcək. Festivalda yerli vətəndaşlarla yanaşı, xaricilər də iştirak edirlər. İstənilən ölkənin vətəndaşları rahat şəkildə paytaxt ərazisində fəaliyyət göstərən ticarət mərkələrindən alış-veriş edə bilərlər. Bakı Şopinq Festivalında iştirak edənlər bu layihədən razı qaldıqlarını bildirirlər. İstər sadə vətəndaşlar, istərsə də tanınmış şəxslər ticarət bayramı haqqında fikirlərini sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırırlar.
Şopinq Festivalı Ukraynanın kurort şəhəri Truskavesin meri Andrey Kulçinskidə ciddi təəssürat yaradıb. O, festivalın rəsmi saytı www.bakushopfest.com-a açıqlamasında bildirib ki, festival daxili və xarici turizmin artımına səbəb olur, biznesi canlandırır: “Bakı Şopinq Festivalının keçirilməsi şərtləri və əhatə dairəsi ilə tanış olandan sonra mən bir daha başa düşdüm ki, bir ölkə üçün gəlir mənbələrinin diversifikasiyası nə qədər əhəmiyyətlidir və bunu necə uğurlu və kreativ formada etmək olar. Afərin, əla ideyadır! Mənim belə layihələrdən xoşum gəlir. Onlar daxili və xarici turizmin artımına səbəb olur, biznesi canlandırır. Mən şəxsən bu layihədə yaxşı planlaşdırma və təşkilatçılıq gördüm!”
Mer ümid edir ki, bu günlərdə Bakıda səfərdə olan həmyerliləri yaradılmış alış-veriş imkanından mütləq istifadə edəcəklər: “Bakıda olan bütün dostlarıma və yaxınlarıma festivalda iştirak etməyi və uğurlu alış-verişdən sonra yaxşı əhval-ruhiyyə arzu edirəm. Aldıqlarınızdan Truskavesə də gətirin”.
Bakı Şopinq Festivalının daxili və xarici turizmin inkişafına təsiri barəsində danışan “Kral Travel" turizm şirkətinin baş direktoru Rövşən Tağıyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bir çox ölkələrdə şopinq festivalları keçirilir: “Bu cür tədbirlər şopinq həvəskarı olan turistlərin ölkəyə gəlməsinə şərait yaradır. Hər bir ölkədə keçirilən bu cür festivallar ölkənin tanıtımı baxımından böyük əhəmiyyət daşıyır. Ölkə haqqında informasiyanın turistlərə çatdırılmasında bu tipli tədbirlərin böyük önəmi var.
Ticarət bayramında iştirak üçün dünyanın istənilən ölkəsində yaşayan şopinqsevərlər ölkəmizə təşrif buyururlar. Şopinq Festivalının ölkəmizdə keçirilməsinin bir çox müsbət tərəfləri var. Onlardan biri də turizmin inkişafıdır. Bu tədbir sayəsində həm yerli, həm da xarici turizm inkişaf edəcək. O cümlədən festival ölkəmizdə sahibkarlığın inkişafına da təkan verəcək. Sahibkarların istehsal etdikləri məhsulu bazara çıxarması və bu sahədə rəqabət aparması baxımından festivalın ölkəmizdə keçirilməsi müsbət haldır”.
Günel CƏLİLOVA