Qadir Bayramlı: “...bəzi torpaq sahələrinin yenidən kənd təsərrüfatına qazandırılmasını gündəmə gətirə bilər”
İran kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Azərbaycanda torpaq sahələri icarəyə götürmək niyyətindədir. Bu barədə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian jurnalistlərə açıqlamasında deyib. O deyib ki, bu cür təcrübəni artıq Ukrayna, Qazaxıstan, Braziliya, eləcə də Cənubi Afrika Respublikasında tətbiq ediblər: “Belə bir əməkdaşlıq Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artmasında da mühüm rol oynaya bilər".
M.Karbasianın sözlərinə görə, İran Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır.
Maraqlıdır, Azərbaycanda aqrar məhsulların yetişdirilməsi üçün İrana torpaq sahəsinin ayrılması kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlı “Bakı-Xəbər” açıqlamasında qeyd etdi ki, son zamanlar xarici ölkələr tərəfindən Azərbaycan torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı müraciət olur: “Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyi eyni məzmunda öz istəyini bildirib. Dünya təcrübəsində bu cür faktlar var. Vaxtilə Qazaxıstandan Çin 1 milyon hektar torpaq sahəsi götürmüşdü. Ancaq Azərbaycan üçün vəziyyət başqa cür ola bilər. Biz xarici şirkətlərə müəyyən qədər torpaq ayıra bilərik. Hesab edirəm ki, xarici iş adamlarına ayıracağımız torpaqlar məhsuldar torpaq olmayacaq. Eyni zamanda, onlara orta və ya az məhsuldar torpaqları ayıra bilərik. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sahəsinin suvarma sistemində müəyyən problemlər var. İlk növbədə bu problemlərin həll olunması vacibdir”.
Həmsöhbətimizin sözlərinə görə, torparlarımızın xarici iş adamlarına icarəyə verilməsi bəzi torpaq sahələrinin yenidən kənd təsərrüfatına qazandırılmasını gündəmə gətirə bilər: “Etiraf etmək lazımdır ki, bəzi torpaq sahələrimiz su və ya şoranlıq səbəbindən aqrar sahədə istifadə oluna bilmir. Ancaq bu sahəyə böyük sərmayə qoyularsa, kənd təsərrüfatında inkişafı qazanmaq olar”.
Q.Bayramlının fikrincə, torpaqların xarici iş adamlarına icarəyə verilməsi dövlətin nəzarəti altında həyata keçirilməlidir: “Bu işi yaxşı təşkil etsək, torpaqların icarəyə verilməsi kənd təsərrüfatının inkişafına səbəb ola bilər. Onu da qeyd edim ki, adıçəkilən sahədə elə müqavilə hazırlanmalıdır ki, bizim aqrar sahəyə daha çox fayda versin”.
Günel CƏLİLOVA