Azərbaycanın dövlətçilik tarixinin inkişaf dövrlərini müşahidə etdikcə əmin oluruq ki, dövlətimizin və xalqımızın tarixi çox şərəflidir.
Qeyd edək ki, çoxminillik dövlətçilik tarixinə malik olan Azərbaycan bütün cəhətlərinə görə həmişə maraq çəkib. Azərbaycan dövlətçilik, mədəniyyət tarixində özünə yer tutan numizmatika elmi qarşımızda bir sıra maraqlı səhifələr açır.
Fəlsəfə doktoru Qənirə Pirquliyeva antik dövrlə bağlı qiymətli araşdırmasında yazır ki, Azərbaycanda sikkə zərbinin yaranması üçün əlverişli iqtisadi, siyasi şərait b.e.ə. III əsrdən etibarən yaranmışdı. Belə ki, ellin dövrü adlandırdığımız bu zamanda daxili və ölkələrarası ticarət əlaqələri dünya ticarət səviyyəsinə çatmışdı:
"...I mərhələnin numizmatik xüsusiyyətini keçən əsrdə Bərdədən, Qəbələdən, Şamaxıdan, sikkə və pul dəfinələri təyin edir. Belə ki, Azərbaycanda ən qədim pul nümunəsi Babildə e.ə. IV əsrin sonlarında zərb edilən 2 ədəd tetradraxmadır. Bu sikkələr Şamaxıdan 1820-ci ildə tapılıb. Bərdədən aşkar edilən dəfinənin tərkibində Selevkilərə aid olan, Kiçik Asiyanın Kim şəhərində (e.ə. II əsrdə) zərb edilən tetradraxma var".
Alim bildirir ki, Qəbələdən tapılan dəfinədə artıq Makedoniyalı İsgəndərin adından zərb edilən 7 ədəd sikkə var. Onlardan 4 ədədi b.e.ə. IV əsrin sonlarında Kolofon şəhərindəki zərbxanaya, qalanı Meandrada yerləşən Maqnesinin zərbinə aiddir. Tədqiqatçı qeyd edir ki, 5 ədəd draxma Kiçik Asiyanın pul zərbinə aid olub İsgəndərin ölümündən sonrakı illərdə zərb edilib: "Bu tapıntılara əsasən, Azərbaycan numizmatikasında ilk pul nominallarının tarixi e.ə. IV əsrin sonlarına aid edilmişdi. İsgəndərin adından zərb edilmiş bu pullar, əsasən draxma pul vahidi Kiçik Asiyanın qərb vilayətlərindən, tetradraxmalar əsasən Babildən gətirilmişdi. Albaniyada dövlətin özünün pul zərbinə başlaması e.ə. III əsrdən hesablanır, yəni Makedoniyalı İsgəndərin adından zərb edilən pullar onun ölümündən sonra da imperiyanın ərazilərində dövriyyədə idi. Bu səbəbdən Albaniyanın iqtisadi potensialının inkişafında bu pullar hələ də mühüm yer tuturdu. Amma bu, daxili bazarı tam təmin edən Albaniyanın öz pulları idi. Bu pullar numizmatikada "oxşar" və ya "bənzətmə" pullar adlanır. Belə yerli "oxşar pullar" e.ə. II əsrin 80-ci illərinə qədər dövriyyədə olmuşlar. E.ə. II əsrin 80-ci illərindən 20-ci illərinə qədər baş verən siyasi hadisələr ilk növbədə pul zərbində özünü göstərmişdi. Belə ki, IV Selevikin (187-179-cu illər) hakimiyyəti zamanı Albaniyada Selevkilərin pulları hakim mövqe tuturlar. Buna səbəb Selevkilərlə Roma arasında bağlanan Anamey sülh müqaviləsi olmuşdu. Müqavilənin şərtlərinə görə, Selevkilər Kiçik Asiyadakı bütün torpaqlarını itirmişlər. Bu səbəbdən də onlara yeni "bazarlar" lazım olduqda, Albaniya ilə sıx iqtisadi əlaqələr yaratmışlar. Selevkilər Albaniya ilə ticarət əlaqələrində əsasən tetradraxma pul vahidlərindən istifadə etmişlər.
Buna səbəb Albaniyada iri pullara daha çox ehtiyac olması ilə izah olunur. Belə ki, kiçik dəyəri olan draxma - xırda pullar yerli zərbxanalarda hazırlanır və müəyyən qədər əhalinin ehtiyacını ödəyirdi. Bu faktların əsas göstəricisi Qəbələ və Xınışlı dəfinələridir. Selevkilərin tetradraxmaları ilə eyni zamanda bura Kiçik Asiyadan da pullar daxil olurdu. Belə pullar Bərdə dəfinəsində aşkar edilmiş və tetradraxma nominal olaraq olub, zərb tarixi isə e.ə. II əsrə aiddir. Xınışlı dəfinəsində Lisimaxın adından Bizansda zərb edilən pullar aşkar edilmişdi. Bu zamandan Albaniya ərazisində Yunan-Baktriya tetradraxmaları və Parfiya draxmaları da tapılır. Bu pul tapıntıları dünya çapında baş verən mühüm hadisənin - Selevkilərin hakimiyyətinin zəifləməsi və parfiyalıların yeni dövlət yaratması ilə əlaqədardır. Bu zamandan başlayaraq Albaniyanın Mesopatamiya və Midiya əraziləri ilə əlaqələri güclənir. Bu günə Azərbaycanda tapılan, rəsmi qeydiyyatdan keçən erkən Parfiya pullarından 8 ədəd e.ə. II əsrdən - e.ə. I əsrin 60-cı illərinə qədərki dövrdə ayrı-ayrı zərbxanalarda hazırlanıb, Albaniyada dövriyyədə olan 161 ədəd nominal var. Burada istifadə olunan pullar əsasən Midiyada - konkret olaraq Ekbatanda zərb edilib. İkinci mühüm fakt kimi Albaniyada bu zaman zərb edilən "oxşatma", "bənzətmə" pulların sayının azalması, onun yerinə Parfiya pullarından geniş istifadə olunmasıdır. Faiz nisbətinə görə əgər Qəbələdən tapılan pul dəfinəsində 593 ədəd puldan 440-ı yerli oxşatma pullardırsa (yəni 83 %), Xınışlı dəfinəsindən 273 ədəd puldan yalnız 72-si yerli zərbin məhsuludur (yəni 26 %). E.ə. I əsrin ortalarından Albaniyada Roma pullarından istifadə olunmuşdu.
Bununla da Albaniyanın yerli sikkə zərbi tamamilə işini dayandırır. Sonuncu dövr Sasanilərə qədərki dövrdür: e.ə. I əsrin ortalarından e. III əsrinə qədər.
Beləliklə, Albaniyanın yerli, oxşatma pulları əsasən İsgəndərin pullarına bənzədilib. Qəbələ dəfinəsində bu pulların təsviri belədir:
I tip - Avers: Heraklın başının təsviri şir dərisində Nöqtəli dairə sağ tərəfdən.
Rever - taxtda oturmuş sağ əlində qartal, sol əli ilə hakimiyyət simvolu olan Skinetrə - dəyənəyə söykənmiş, sağ tərəfdə oxşatma hərflərlə oxunmayan söz. Dairə nöqtəlidir.
Bu cür pulların çəkisi 15,28; 15,62; 13,25; 16,59 qr.-dır.
II tip oxşatma pullar draxmalardır. Bu pulların fərqli cəhəti çəkilərindədir - yəni orta çəki nisbətində 3,4 qr. (yəni 3,91-dən 1,18 qr. qədər). Bu cür draxmalar e.ə. I əsrdən dövriyyədə olmuşlar.
III tip - Selevkilərin tetradraxmalarına oxşatma pullardır. Onlardan 3-ü Qəbələ dəfinəsində təyin edilmişdi.
Aversdə: hökmdar başında diadema,
Reversdə: əlində ox tutmuş, ikinci əli ilə nizəyə söykənmiş Appolonun təsviri. Yunan əlifbası ilə yazılar var.
IV tip - Parfiya hökmdarı II Mitridatın pullarına oxşatmalar. Belə sikkələr yalnız Xınışlı dəfinəsində tapılmışdı (çəkiləri 3,84; 3,99; 4; 3,2 qr.).
Aversdə: Kobud şəkildə hökmdarın başı.
Reversdə: Yazılar, xətlər vasitəsilə. Heç nə oxunmur. Bu pulların Parfiya hökmdarına aid edilməsinin əsas səbəbləri aşağıdakı faktlar idi:
a) hökmdarın baş hissəsi diadema ilə birgə göstərilib;
b) Reversdə Arşak taxtda əyləşən vəziyyətdə;
g) pulların üzərindəki oxşatma sözlər 6 sözdən ibarətdir.
Bu cür pulların sayı 110 ədəddir və e.ə. I əsrin ortalarından dövriyyədən tam çıxıb.
Albaniyada e.ə. III əsrdən yerli pul zərbinin olması faktı burada dövlətin yaradılması, onun iqtisadi inkişafı, siyasi xəritədə özünün yerinin olması kimi çox vacib faktların göstəricisidir.
B.e.ə. I əsrdən Albaniyanın Roma ilə toqquşmalarının başlanması tarixdə məlumdur. İlk dəfə albanlarla döyüşlər haqqında Plutarx məlumat vermişdi.
Əslində müharibə Roma ilə Parfiya arasında gedirdi. Sonda Roma qələbə çaldı. Qafqazda Albaniyadan başqa Kaxetiya və İberiya romalılar tərəfindən işğal edildi. Albaniya öz müstəqilliyini saxladı. Burada hələ ki, Parfiyanın siyasi, iqtisadi təsiri qalmaqda idi. Buna baxmayaraq, Parfiyaya sonuncu zərbəni yeni yaranan Sasanilər sülaləsi vurdu. Albaniyada bu zaman dövriyyədə aparıcı yer tutan pul nominalları da Parfiya pulları idi. Əsasən II Mitridatın adından zərb edilən belə pullar Azərbaycan ərazisində - Naxçıvanda - Xaraba Gilanda, Cəlilabaddan, Bərdədən (Şatırlıdan), İsmayıllıdan (Nüdidən), Şamaxıdan (Çuxur-Yurddan), Füzulidən (Horadiz) tapılan dəfinələrdə təyin edilmişdi. Bu pulların arasında hətta "oxşatma" növləri də var. Qeyd etmək lazımdır ki, Parfiya dövlətinə daxil olan digər yerlərdə belə "oxşatma" pullar tapılmamışdı. Yalnız Azərbaycanda olan bu fakt bu pulların geniş yayılmasından və əhali tərəfindən qəbul edilməsindən və onlara olan geniş tələbatdan irəli gəlir.
Digər tərəfdən, Azərbaycan numizmatika tarixində ilk dəfə saxta pullar da məhz Mitridatın adından zərb edilmişdi. Belə saxta Parfiya pulu Çuxur-Yurddan tapılan pul nominalıdır. Saxtalığı pulun üzərinin mis qatla örtülməsidir. Buna səbəb isə standart çəkidən az, yəni 2,48 qr. olmasıdır".
Alim yazır ki, II Mitridatdan sonra II, III, IV Fraatın adından buraxılan sikkələr Azərbaycanda üstünlük təşkil edib. Belə pullar Mingəçevirdən, Qubadan, Bərdədən, Biləsuvardan aşkar edilib. Alim vurğulayır ki, Cənubi Qafqaz miqyasında xəritələşdirsək, bu pullar əsasən şimal, şimal-şərqi ərazilərdə daha geniş yayılmışlar. Bizim eranın I əsrində Azərbaycanda, bütövlükdə Qafqazda Qotarzin sikkələri geniş yayılır. Belə pul nominalları Şamaxıda Çuxur-Yurddan, Küdrüdən, Xınışlıdan, Çalovdan; İsmayıllıda - Kalağada, Qəbələdə, Mingəçevirdə qəbir abidələrindən, Gəncə şəhər yerindən, Qazaxda-Topraxqaladan, Biləsuvardan və digər yerlərdən aşkar edilmişdi.
Q.Pirquliyevanın yazdığına görə, Azərbaycan tarixində Albaniya və Atropatenanın III əsrin ortalarından etibarən Sasanilər imperiyasının tərkibinə daxil olmasının dəqiq tarixləri elmdə qəbul edilib, yəni 227, 262-ci illər: "Lakin nəzərə almaq lazımdır ki, e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra imperiya bölüşdürülərkən onun bir hissəsi, yəni Suriya, Mesopatamiya və digər ərazilər Selevkilər dövləti adlandırılaraq, 200 il mövcud olmuş və Roma tərəfindən işğal edilmişdi.
İkinci dövlət Şərqin yunan canişini Diadot tərəfindən yaradılmışdı. Rəsmi olaraq bu dövlət 40 il sonra III Antiox (223-183-cü il) tərəfindən istila edildi. Azərbaycanın Sasanilərə qədərki pul sistemində də bu dövlətin sikkələri mühüm yer tutmuşdu. Bununla da Cənubi Qafqazda Gürcüstanda Romanın təsiri, Azərbaycanda isə Parfiya dövləti ilə sıx iqtisadi və siyasi təmas məhz sikkələr və sikkə zərbi ilə sübuta yetirilir. Belə ki, hazırda Parfiya sikkələrinə aid Azərbaycan ərazisində 30 nadir tapıntı və 7 dəfinə qeydə alınıb. Bu tapıntılardan ikisi - Şamaxı (Xınıslı) və Əli Bayramlı (Şirvan) dəfinələri özünəməxsus yer tutur. Birinci dəfinədə 162 arşaki sikkəsi, ikincidə 110 ədəd Parfiya şahlarının sikkələrinə təsadüf olunmuşdu. Bu fakt bir daha sübut edir ki, Azərbaycan ərazisi Arşakilərin iqtisadi və siyasi planlarında mühüm rol oynayırdı.
Parfiya dövlətinin sikkə sistemi gümüş üzərində qurulmuşdu. Qızıl sikkələr çox az zərb edilirdi. Yalnız b.e.ə. III əsrin 40-30-cu illərinə aid olan Andraqor "Vaxşuvar"ın staterləri - qızıl sikkələri elmə məlumdur. O, I Antioxun dövründə Parfiya (Kirkaniya) satrapı idi və e.ə. 247-ci ildə Selevkilərdən ayrılaraq müstəqil olub. Qızıl sikkələr zərb etməklə o, Parfiyanın tam müstəqilliyə can atdığını göstərmək istəyib. Azərbaycanın iqtisadiyyatında Parfiya pul vahidi önəmli rol oynamışdı. Parfiyanın gümüş draxmaları 3,4 qramdan-4,0 qram çəki ilə 750 əyarla zərb edilirdi. Bu dövrdə iki çəki standartı: antik - 4,25 qr. və Parfiya - 3,7 qr. mövcud olub. B.e.ə. I əsrin sonlarından başlayaraq Parfiya sikkələri klassik Parfiya çəki standartları ilə zərb edilməyə başlamışdı. İlk Parfiya sikkələri incəsənət baxımından böyük ustalığı, zənginliyi ilə fərqlənir.
Alimlərin ehtimalına görə, sikkələr üçün ştempelleri yunan ustaları və ya yunan məktəbi keçmiş yerli ustalar düzəldirdilər. Beləliklə, Qəbələ, Bərdə, Xınıslı dəfinələrindəki sikkələrin analizi göstərir ki, əgər b.e.ə. II əsrdə Selevki sikkələri Cənubi Qafqazın pul dövriyyəsində mühüm rol oynayırdısa, b.e.ə. II əsrin sonlarından Parfiya dirhəmləri Selevki sikkələrini pul dövriyyəsindən sıxışdırmağa başlamış və e.ə. I əsrdə Parfiya-Selevki rəqabəti Şərqi Zaqafqaziya ərazisində parfiyalıların xeyrinə öz həllini tapmışdı. Bu qəbildən I Mitridatın (b.e.ə. 171-138-ci illər) adından zərb edilən sikkələrin aversində şahın üzü sağa tərəf, sinəyə qədər, saqqalsız, başında baş örtüyü ilə zərb edilmişdi.
Reversdə - taxta oturmuş, sağ əlində yay tutmuş Arşak şəklinin ətrafında onun epitetləri zərb edilmişdi. Bu cür dirhəmlər Ekbatan zərbxanasında zərb edilmişdi.
B.e.ə. II əsrin 60-cı illərində I Mitridat tərəfindən Midiyanın işğalından sonra Selevkilər dövlətinin zərbxanalarını bütünlüklə təchiz edən Midiya gümüş karxanaları Parfiyanın əlinə keçmiş oldu. Bu dövrdən başlayaraq Eklatan zərbxanaları antik pul-çəki sisteminə uyğun Parfiya sikkələri zərb etməyə başladı. Bu zərbxanalar daxili və xarici bazarların sikkəyə olan tələbatlarını ödəyirdilər. Pafiya sikkələri - dirhəmləri yüksək əyarlı gümüşdən zərb edilirdi. Lakin b.e.ə. 140-cı ilədək dirhəmlərin gümüş tərkibi 90 % təşkil edirdisə, bu dövrdən aramsız olaraq azalaraq, b.e.ə. 120-ci ildə 70 %-ni təşkil edirdi. Beləliklə, yerli bənzətmə dirhəmlərlə daha yüksək əyarlı arşaki dirhəmləri yerli zərbxanaların aşağı əyarlı gümüş sikkələrini tədavüldən sıxışdırıb çıxarıb. Məhz bu səbəbdən arxeoloji tədqiqatlar zamanı yerli zərbxanaların məhsullarına, demək olar ki, rast gəlinmir. I Mitridatın dövründən başlayaraq Parfiya sikkələrinin Zaqafqaziya ərazisində yayılması onun varisləri II Fraat, I Ərdəvan dövründə azalır, bu vəziyyət II Mitridatın hakimiyyəti dövrünə qədər müşahidə olunur.
Sikkələrin azalması Parfiyada daxili vəziyyətin gərginləşməsi və bu ərazilərin müvəqqəti olaraq Parfiyanın zəifliyindən istifadə edərək müstəqil daxili və xarici siyasət yürütməsi ilə izah oluna bilər. II Mitridatın hakimiyyətindən başlayaraq Parfiya dövlətinin şanlı dövrü başladı. Onun dövründə Parfiya ərazisi xeyli genişlənib. Bu dövrdən başlayaraq Arsaki şahları Cənubi Qafqazı iqtisadi cəhətdən özlərinə tabe edə bilmişlər. Məhz bu zaman zərb olunan dirhəmlərdə ilk dəfə "Şahlar şahı" titulu zərb edilib. II Mitridatın sikkələri Cənubi Qafqaz ərazisində aşkar edilmiş dəfinələr arasında birinci yeri tutur. Onu da qeyd etmək lazımdır ki, dəfinələrdən başqa tək halda tapılan Parfiya sikkələri digərlərinə nisbətən daha çox təsadüf edilir. Beləliklə, II Mitridatın gümüş dirhəmləri Parfiya numizmatikasının ən yaxşı nümunələrindən sayıla bilər. Bu dirhəmlər Azərbaycan ərazisində Naxçıvanda - (Xaraba Gilan), Cəlilabadda, Bərdədə, İsmayıllıda, Şamaxıda, Füzulidə dəfinə və ya tək şəkildə tapılmışdı. Bu faktlar Qərbi Azərbaycanda, Gürcüstanda da müşahidə olunur. Beləliklə, aşkar edilən numizmatik materiallar Azərbaycanın qədim dövrlərdə, yəni Sasanilərə qədər İsgəndərin imperiyası dağıdıldıqdan sonra Parfiya ilə sıx iqtisadi və siyasi təmasda olduğunu tam olaraq sübuta yetirir".
Q.Pirquliyeva 2009-cu ildə çap etdirdiyi "Numizmatikanın əsasları" kitabında pul siyasətimizlə bağlı kifayət qədər maraqlı tədqiqatlar aparıb və dövlətçiliyimiz, mədəniyyətimiz, tariximizlə bağlı diqqətçəkən məlumatlar meydana çıxarıb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.