Azər Allahverənov: “Bütün bunların nəticəsində Azərbaycan üzərindən tranzit yükdaşımalar dəfələrlə artacaq”
Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərindən Böyük Britaniyaya yeni ixrac marşrutu açıb. Ekibastuzdan yola düşən mineral gübrələr dəmir yolu və dəniz nəqliyyatı ilə Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu üzrə daşınaraq Poti və Batumi limanları vasitəsilə Böyük Britaniyanın Felikstou limanına çatdırılır.
Bu, daşınma bir daha göstərir ki, Orta Dəhliz artıq təkcə regional deyil, Avropa bazarlarına çıxış üçün də strateji logistika marşrutuna çevrilib. Azərbaycan bu marşrutun əsas tranzit halqalarından biri kimi yük axınının artmasından iqtisadi və logistika baxımından nə kimi mühüm faydalar əldə edəcək?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Azər Allahverənov baki-xeber.com-a açıqlamasında bildirdi ki, şübhəsiz Qazaxıstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərindən Böyük Britaniyaya yeni ixrac marşrutu açması önəmli hadisədir: “Bu, bir daha onu göstərir ki, Orta Dəhlizin çox böyük potensialı var. Bu gün Orta Dəhliz istər şimalda, istər cənubda baş verən müharibələr, münaqişələr fonunda ən etibarlı marşruta çevrilməkdədir. Nəticə etibarı ilə bu dəhliz üzərindən çəkilən nəqliyyat marşrutları bütövlükdə Orta Dəhlizin əhəmiyyətini artırır. Bununla yanaşı, həm də Cənubi Qafqazın geosiyasi əhəmiyyətini də yüksəltmiş olur. Bütün bunlar bir daha onu göstərir ki, zamanında Azərbaycanın əsası qoyduğu Bakı-Tbilisi-Qars dəmir yolu nəticə etibarı ilə bu gün Şərqlə Qərbi əlaqələndirən çox vacib bir nəqliyyat zəncirinin vacib bir həlqəsinə çevrilibdir. Ən önəmli olan məsələ bu layihənin reallaşmasında maraqlı olan dövlətlərin xüsusilə uzaq gələcəyə hesablanmış perspektiv planlarının olmasıdır. Bu, bir daha onu göstərir ki, Orta Dəhliz layihəsinin yükaşırma qabiliyyətinin artırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi vacib infrastruktur layihələr, o cümlədən, Bakı Dəniz Limanının imkanlarının genişləndirilməsi və digər işlər ciddi nəticə verəcək. Yəni Azərbaycan üzərindən tranzit yükdaşımalar dəfələrlə artacaq. Nəticə etibarı ilə Qazaxıstanla Böyük Britaniyanı əlaqələndirən mərşrutlar kimi, yeni-yeni marşrutların istifadəyə verilməsi üçün çox əlverişli bir şərait yaratmış olur. Bu da nəticə etibarı ilə müxtəlif beynəlxalq platformalarda Azərbaycanın müəyyən etdiyi rəqəmlərin əlçatanlığını təmin edə biləcək bir yanaşmadır. Bir neçə il əvvəl il ərzində Orta Dəhliz üzərindən daşınan yüklərin həcmi 3-3,6 milyon ton idi. Bu gün bu rəqəm 5 milyon civarındadır və yaxın bir neçə il ərzində bunun 10-15 milyon ton olacağı gözlənilir. Bu da nəticə etibarı ilə digər marşrutların da effektiv şəkildə qurulması üçün çox əlverişli bir şərait yaratmış olur. Ümumiyyətlə, Azərbaycanın bu marşrutun əsas tranzit halqalarından biri kimi yük axınının artmasına, iqtisadi və logistika baxımından kifayət qədər böyük, mühüm bir fayda verdiyi açıq-aşkardır”.
Vidadi ORDAHALLI