İqlimşünas, Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Səid Səfərov son illərdə Bakıda müşahidə olunan göy qurultularının artmasını şəhərdəki tikililərlə əlaqələndirib: "Son illərdə Bakıda tikilən çox hündürmərtəbəli binalar artıq burada lokal xarakterli konvektiv proseslərin yaranmasını və onların inkişafını nisbətən sürətləndirib".
Ümumiyyətlə, hesab edilir ki, uca binalar Bakının iqliminə ciddi şəkildə təsir edir. Paytaxtda inşa olunan göydələnlər küləklərin təbii axınını məhdudlaşdırır, mikroklimatı pozur və şəhərdə istilik adası effekti yaradır. Bakı özünün sərt və müalicəvi "Xəzri" və "Gilavar" küləkləri ilə məşhurdur. Sıx və nizamsız tikilən göydələnlər bu təbii hava axınlarını kəsir, küləyin sürətini azaldır və bəzi küçələrdə sunami effekti yaradaraq güclü burulğanlar əmələ gətirir. Nəticədə şəhərin təbii ventilyasiyası pisləşir. Küləyin qarşısını kəsən divar rolunu oynayan uca binalar zərərli qazların və avtomobil tullantılarının şəhərin mərkəzində və ya məhəllələrdə toplanıb qalmasına səbəb olur.
Sərt beton və şüşə fasadlı hündür binalar günəş şüalarını özündə saxlayaraq ətrafa əlavə istilik yayır. Yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan bu proses Bakıda yay aylarında hərarətin xeyli yüksəlməsinə gətirib çıxarır. Bakı şəhərinin iqlimə mənfi təsirlərini azaltmaq və dayanıqlılığı təmin etmək məqsədilə qəbul edilmiş Baş Plan çərçivəsində sıx məskunlaşmanın mərkəzdənkənar ərazilərə yönəldilməsi və "yaşıl tikinti" konsepsiyalarına keçid nəzərdə tutulur.
Ramil QULİYEV