Fuad İbrahimov: “Özünün borcu ola-ola gedir həyat yoldaşının adına 1 milyon manatlıq ev alır, amma borcu ödəmir”
Azərbaycanda bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi gözlənilir. Qanunvericiliyə dəyişiklik edilərək icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.
Bu, “Dövlət icra məmurları haqqında” Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, icra məmuru tələbi borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilər. Layihədə isə tələbin dairəsinin genişləndirilməsi nəzərdə tutulub.
Yeni sənədə əsasən isə, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank, digər kredit və ya elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlancda olan pul vəsaitlərinə yönəldə biləcək.
Maraqlıdır, icra məmurlarının səlahiyyətlərinin bu dərəcədə genişləndirilməsi sui-istifadə halların yol açmayacaqmı?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsinə müsbət prizmadan yanaşdı: “Bizim məhkəmə sistemində qərarların icra olunmaması bir çox biznes iştirakçılarının işini əngəlləyir. Son dövrlər baxıb görürük ki, nə qədər dələduzluq əməlləri var. Həm də məsələnin bu tərəfini nəzərə almaq lazımdır. Yüzlərlə bənzər hallar var ki, dələduzluqla pul mənimsəyir, amma məsuliyyətdən yayınır. Məsuliyyətdən ona görə yayınır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları icra oluna bilmir. Məsələn, özünün borcu ola-ola gedir həyat yoldaşının adına 1 milyon manatlıq ev alır, amma borcu ödəmir. Sonra da deyir mənim adıma heç nə yoxdur. Bax belə problemlər olduğu üçün bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlər sərtləşdirilir. Qanun sərtləşdiriləndən sonra həmin şəxslərin adına olan şirkətlərə, digər bank hesablarında olan müştərək hesablarına borc artıq rahatlıqla yönəldiləcək. Yəni məhkəmə predmetindən kənar borclunun nə öhdəliyi varsa o istiqamətə yönəldiləcək. Nəticədə borclu olanların məsuliyyəti artacaq. Ən azından biləndə onu məhkəməyə verirlər, artıq əvvəlki kimi özünü sərbəst apara bilməyəcək. Bu gün borcluya deyəndə ki, borcunu qaytar, deyir nə istəyirsən elə. İddiaçı gedir məhkəməyə müraciət edir, aylarla, illərlə sürünür, amma nəticə olmur. Sonra gəlir icraçıya, icraçının da icra mexanizmi yoxdur. Beləliklə məhkəmə qərarların icrası təmin edilmir. Bu da biznes mühitində, ticarət dünyasında böyük əngəllərə gətirib çıxarır. Heç kimin, heç kimə etibarı qalmayıb. Ona görə də buna getmək lazım idi. Çünki icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi icra prosesinin ümumi effektivliyini artırmağa xidmət edir. Burada əsas məqsəd bank borclarının qaytarılmasını daha operativ və real mexanizmlərlə təmin etməkdir”.
Vidadi ORDAHALLI