Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətini açıqlayıb və bu fikri partiyasının seçki kampaniyası zamanı dilə gətirib: “Ermənistanda universal vergi bəyannaməsi sistemi mövcuddur və ruhanilər bu sistemdən kənarda qala bilməzlər. Biz uzun müddətdir bəyan etmişik ki, Erməni Apostol Kilsəsi də müəyyən kommersiya fəaliyyətləri çərçivəsində və Ermənistan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda vergi ödəməlidir”.
Baş nazir bir daha vurğulayıb ki, kilsə müəyyən kommersiya fəaliyyətləri ilə məşğul olur və bunun üçün vergi ödəməlidir. O qeyd edib ki, hökumət zərurət yaranarsa, keşişlərə sosial təminatlar da verəcək: "Bu fikir səkkiz ildir ki, Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qareginin dünyəvi adı) üçün qəbuledilməzdir, çünki bir sadə səbəb var: onlar dindarlar icması, yəni xalq qarşısında hesabat vermək istəmirlər". Paşinyan bir daha qeyd edib ki, onların seçki platformasında Erməni Apostol Kilsəsinin islahatı ilə bağlı bir bənd var və bu bənddə, digər məsələlərlə yanaşı, hazırkı katolikosun vəzifədən kənarlaşdırılması və erməni kilsəsinin yeni rəhbərinin seçilməsi tələb olunur. Xatırladaq ki, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma Nikol Paşinyanın ruhanilərə qarşı sərt çıxışlarından və dövlət üçün əsas rol oynayan katolikosun seçilməsi prosedurunu dəyişdirmək təşəbbüsündən sonra daha da şiddətlənib. Bu fonda üç yeparxiyanın rəhbəri - arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapahyan, yepiskop Mkrtiç Proşyan və Eçmiədzin Ana Taxtının kanslerliyinin rəhbəri Arşak Xaçatryan əvvəllər müxtəlif ittihamlarla həbs olunmuşdular. Ötən ilin noyabrın 27-də hökumətyönlü sosial mediada bir qrup Erməni Apostol Kilsəsi iyerarxının imzaladığı bəyanat yayıldıqdan sonra gərginlik daha da artdı. Onlar katolikos II Qaregini arxiyepiskop Arşak Xaçatryanın "küfr əməlini" ört-basdır etməyə çalışmaqda günahlandırdılar və internetdə yayılan intim videolara istinad etdilər. Onlar iddia etdilər ki, patriarx bununla "küfrü himayə edir". Ardınca Nikol Paşinyan 10 yepiskopla Erməni Apostol Kilsəsinin "təkmilləşdirilməsi üçün yol xəritəsi"ni imzaladı.
Tahir TAĞIYEV