Rusiya Qazaxıstan neftinin “Drujba” neft kəmərinin şimal qolu vasitəsilə Almaniyaya tranzitini dayandırmağa hazırlaşır. “Reuters” agentliyinin üç mənbəyə istinadən bildirir ki, Moskva Qazaxıstan və Almaniyaya “Drujba” vasitəsilə qazax neftinin tədarükünün mayın 1-dən dayandırılacağına dair “neft ixracı düzəlişi” barədə bildiriş göndərib.
Bildirilir ki, Rusiyanın qərarı Yaxın Şərqdə davam edən müharibə ilə əlaqəli qlobal enerji böhranı fonunda Almaniya üçün əlavə problemlər yarada bilər.
2025-ci ildə Qazaxıstandan Almaniyaya gündəlik təxminən 43 min barel neft göndərilib ki, bu da 2024-cü illə müqayisədə 44% çoxdur. Təchizat Belarus və Polşanın ərazilərindən keçən “Drujba” boru kəmərinin şimal qolu vasitəsilə həyata keçirilib.
Ukraynanın Rusiya neft və qaz infrastrukturuna zərbələri səbəbindən bu marşrut üzrə tranzit dəfələrlə dayandırılıb. Hazırda kəmərin Ukraynadan keçən hissəsi hücumlar nəticəsində zədələndiyindən neft nəqli dayandırılıb.
Bu arada, Ukrayna Prezidenti Zelenski ukraynalı mütəxəssislərin rus neftini Avropa ölkələrinə nəql edən “Drujba” boru kəmərinin təmirini başa çatdırdığını və onun fəaliyyətini bərpa edə biləcəyini açıqlayıb. Zelenski onu da qeyd edib ki, heç kim ona neft kəmərinin yenidən Rusiyanın hücumlarının hədəfinə çevrilməyəcəyinə dair zəmanət verə bilməz.
Zelenskinin sözlərinə görə, bu addımdan sonra Ukrayna Kiyevin Brüsseldən 90 milyard avro kredit ala biləcəyini gözləyir.
Tahir TAĞIYEV