Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən müxtəlif sahələr üzrə maliyyə pozuntuları ilə bağlı araşdırmalar aparılır.
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb. Hesablama Palatası-nın müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq maddələr üzrə istintaq aparılır.
Audit nəticələrinə görə, subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib. 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edən yoxlamada məhv olmuş əkin sahələrinə görə 10,1 milyon manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3,7 milyon manat subsidiya ödənildiyi məlum olub.
Bundan əlavə, 157 min hektar torpaq sahəsi üzrə 34,55 milyon manat, 19 fermer üzrə isə 24,2 milyon manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi qeyd edilib. Bəzi hallarda subsidiyaların hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürüldüyü, həmçinin 18,8 milyon manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.
Hesablama Palatası dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə pozuntularının aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər təqdim edib.
ZÜMRÜD