ABŞ-ın İrana qarşı hücumları zamanı İraqın İrana dəstəyi ABŞ-ı qəzəbləndirib. ABŞ həm onlarla, həm də İranla sıx münasibətlər saxlayan İraqa təzyiqləri artırıb.
Vaşinqton administrasiyası İraqdan İrandan uzaqlaşmasını və ABŞ-ın maraqlarını hədəf alan son hücumların arxasında duran İranla əlaqəli milislərin nəzarət altına almasını tələb edir. İraqı sıxışdırmaq üçün son addım olaraq, ABŞ İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı və maliyyələşdirməni dayandırıb.
Vaşinqton İraq hökumətindən İranın dəstəklədiyi milislərə, xüsusən də Bağdad hökumətindəki rəsmilərlə əlaqəli olanlara qarşı sərt tədbirlər görməsini tələb edir. Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot bildirib ki, Birləşmiş Ştatlar ABŞ-ın maraqlarına edilən hücumlara dözməyəcək və İraq hökumətindən ölkədəki İranpərəst milis qruplarını dərhal məhv etmək üçün bütün lazımi tədbirləri görməsini gözləyir.
Vaşinqton administrasiyası İraqda parlament seçkilərindən əvvəl təhlükəsizlik sahəsində əməkdaşlığı və İraqın neft gəlirlərindən dollar köçürmələrini dayandırıb. ABŞ mediasının məlumatına görə, Maliyyə Nazirliyi İraq neftinin satışından əldə edilən təxminən 500 milyon dollarlıq nağd pulun İraqa göndərilməsinin qarşısını alıb. Bildirilir ki, İraq Mərkəzi Bankına dollar köçürmələri fevral ayının sonundan bəri ikinci dəfə təxirə salınıb. Bunun İraq bazarlarında ciddi nağd pul çatışmazlığına səbəb olacağı gözlənilir.
ABŞ-ın təzyiqi yalnız iqtisadiyyatla məhdudlaşmayıb. Rəsmilər həmçinin İraq ordusu ilə aparılan bəzi antiterror əməliyyatları və hərbi təlim proqramlarının maliyyələşdirilməsinin müvəqqəti olaraq dayandırıldığını bildiriblər.
ABŞ rəsmiləri həmçinin dollar daşınmalarına qoyulan bu məhdudiyyətlərin daimi embarqo olmadığını, Tehrana yaxın qrupların manevr imkanları daralana qədər təzyiq taktikası kimi istifadə olunacağını bildiriblər.
Fevral ayının sonlarında başlayan ABŞ-İsrail-İran münaqişəsi zamanı Bağdaddakı ABŞ səfirliyinə, ABŞ bazasına və Şimali İraqdakı Amerika bazasının yaxınlığındakı ABŞ hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi aerodroma hücum edilib. Hücumlara görə məsuliyyəti İran tərəfindən dəstəklənən milislər öz üzərinə götürüblər.
O da məlum olub ki, Səudiyyə Ərəbistanı Körfəz ölkələrini hədəf alan dron hücumlarının əksəriyyəti İraq ərazisindən həyata keçirilib.
Tahir TAĞIYEV