ABŞ prezidenti Donald Tramp aprelin 21-i axşam saatlarında İranla mövcud atəşkəs rejiminin müddətini uzatdığını elan edib. Bu qərar ikihəftəlik müvəqqəti barışığın başa çatmasına cəmi bir sutka qalmış verilib.
Tramp özünün "Truth Social" hesabında paylaşdığı bəyanatda atəşkəsin Pakistan rəhbərliyinin xahişi ilə uzadıldığını bildirib: "Asim Munirin və Pakistanın baş naziri Şahbaz Şərifin onun liderləri və nümayəndələri vahid təklif hazırlayana qədər İrana hücumları dayandırmaq xahişinə əsasən, mən hərbçilərimizə blokadanı davam etdirməyi və bütün digər cəhətlərdən hazır və fəaliyyət qabiliyyətli qalmağı tapşırdım, beləliklə, onların təklifi təqdim edilənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzadıram". Bundan əvvəl isə CNBC telekanalına müsahibəsində Tramp bildirmişdi ki, İranla atəşkəs rejimini uzatmaq niyyətində deyil. O qeyd edirdi ki, ABŞ danışıqlarda güclü mövqeyə malikdir və nəticədə əlverişli razılaşma əldə edə biləcək: "Mən bunu etmək istəmirəm. Bizim o qədər də çox vaxtımız yoxdur". Tramp İranı güclü bombardmanla da hələmişdi. Lakin o, yenidən mövqeyinik dəyişib. Ağ ev rəhbəri yeni bir son tarix açıqlamasa da, Vaşinqtonun Tehran tərəfindən "vahid və konkret" sülh təklifi gələnə qədər gözləyəcəyini vurğulayıb. Trampın fikrincə, hazırda İranın siyasi rəhbərliyində ciddi parçalanma müşahidə olunur. Bundan əvvəl İran rəsmiləri indiki şərtlər daxilində İslamabad danışıqlarının ikinci raunduna qatılmayacaqlarını açıqlamışdılar. Bir sıra KİV-lərin məlumatına görə, vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti də Pakistana planlaşdırılan səfərini hələlik təxirə salıb. Pakistanın baş naziri Şahbaz Şərif isə Donald Trampa ölkəsinin atəşkəsin uzadılması ilə bağlı xahişini qəbul etdiyi üçün təşəkkür edib. İran tərəfi iddia edi rki, Donald Trampın atəşkəsin uzadılması ilə bağlı açıqlaması qəfil zərbə üçün vaxt qazanmaqdan ötrü hiylədir. İranın danışıqlarda əsas təmsilçisi Məhəmməd Baqer Qalibafın sözçüsü sosial şəbəkədə yazıb ki, ABŞ-ın İran limanlarına blokadanı saxlaması bombardmandan fərqlənmir və buna hərbi cavab verilməlidir. Lakin ABŞ-ın maliyyə naziri Skott Bessent bildirir ki, Vaşinqton İran limanlarına qarşı dəniz blokadasını davam etdirəcək. Onun sözlərinə görə, Xarq adasındakı anbarların tezliklə dolacağı, nəticədə neft quyularının dayanmağa məcbur olacağı proqnozlaşdırılır. Bessent əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi Tehranın ticarət, maliyyə və gəlir şəbəkələrinə qarşı "maksimum təzyiq" sanksiyalarını gücləndirəcək. Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər. Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Samirə SƏFƏROVA