Firdovsi Şahbazov: “Beynəlxalq müstəvidə Orta Dəhlizə marağın artması bir sıra faktorlarla əlaqədardır”
Hörmüz boğazında gərginlik Avrasiya ticarətini getdikcə quru alternativlərə yönəldir. ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan sonra Tehran boğazda gəmilərin hərəkətini əsasən bloklayıb. Belə bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz Avrasiya logistikasında əsas diversifikasiya marşrutu kimi ön plana çıxır.
Bu arada Dünya Bankı və tərəfdaşları dəhlizin əsas çatışmayan hissələrinin gücləndirilməsinə 3.3 milyard dollar ayıracaqlarını açıqlayıb. Bu vəsaitin 1.9 milyard dolları Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidinə, 1.4 milyard dolları isə Qazaxıstanın Karaqandı-Jezqazğan avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək. Dünya Bankı bildirir ki, marşrutun uzunmüddətli dayanıqlığı üçün koordinasiyalı investisiyalar lazımdır. İnfrastruktur əngəlləri aradan qaldırılmalı, sərhədlərarası gömrük və nəqliyyat prosedurları təkmilləşdirilməlidir.
Belə görünür ki, Hörmüz ətrafında baş verənlər həm Orta Dəhlizin önəmini artırır, həm də beynəlxalq maliyyə qurumlarının bu layihəyə vəsait ayırmasını stimullaşdırır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov beynəlxalq müstəvidə Orta Dəhlizə marağın artmasını bir sıra faktorlarla əlaqələndirdi: “Bunu şərtləndirən və əlverişli edən bir sıra amillər var. Başlıca amil Orta Dəhlizin keçdiyi ölkələrdə dayanıqlı sabitliyin hökm sürməsidir. Xüsusən də Azərbaycanla Ermənistan arasında sülh sazişinin Vaşinqtonda paraflanması, bu yola olan inamı daha da artırıb. Digər vacib amil Orta Dəhlizin digər marşrutlarla müqayisədə məsafə baxımından qısa, iqtisadi cəhətdən sərfəli olmasıdır. Çünki Çindən Avropaya yüklərin 90 faizə yaxını su yolu ilə daşınır. Bu yol, quru yoldan dəfələrlə uzun, zaman baxımından isə 3 dəfə çox vaxt tələb edir. Üstəlik, Yaxın Şərqdə baş verənlər Suveyş kanalı ilə daşımalara mənfi təsir edib. Yüklər Afrikanın cənubi ilə daşındıqda isə yol 26 min kilometrə qədər uzanır. Orta Dəhlizin uzunluğu isə 7-8 min kilometr arasında dəyişir. Ona görə də Orta Dəhlizin dəyəri getdikcə artır. Orta Dəhliz tam işə düşəndən sonra Çindən Avropaya yüklərin əhəmiyyətli hissəsi bu yolla daşınacaq. Yaxın Şərqdə qarşıdurmanın uzanması dünyanın maliyyə qurumlarının Orta Dəhlizlə bağlı işlərin sürətləndirilməsi üçün təcili vəsaitlər ayırmalarını zərurətə çevirib. Bu baxımdan Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır”.
Vidadi ORDAHALLI