Ukraynalı milyarder Rinat Axmetov Monakonun dəbdəbəli Mareterra rayonunda 554 milyon dollara beşmərtəbəli mənzil alıb. “Bloomberg”in məlumatına görə, dəniz mənzərəli 21 otaqlı mənzil bu günə qədər qeydə alınan ən bahalı mənzil satışlarından biridir.
Mareterra rayonundakı nüfuzlu Le Renzo kompleksində yerləşən bu beşmərtəbəli mənzil saraya bənzəyir. Təxminən 2500 kvadratmetr yaşayış sahəsi olan binada, xüsusi hovuz, jakuzi və ən azı 8 avtomobil üçün dayanacaq var.
2024-cü ildə Şahzadə Albert tərəfindən açılışı edilən Mareterra bölgəsi, qısa müddətdə dünyanın ən elit investorlarının diqqət mərkəzinə çevrilib. Axmetov şirkəti olan “System Capital Management” (SCM) satınalmanı təsdiqləsə də, satışın maliyyə detalları barədə susmağa üstünlük verib.
Açıqlanan 554 milyon dollarlıq rəqəm təsdiqlənərsə, bu satış tarixə ən bahalı yaşayış evi alışı kimi düşəcək. Bundan əvvəl Nik Kendinin Londondakı malikanəsi 350 milyon dollara, Ken Qriffininin Nyu-Yorkdakı mənzili isə 240 milyon dollara satılaraq böyük səs gətirmişdi.
Kiçik ölçüsü və vergi üstünlükləri ilə tanınan Monako, bu cür yüksək səviyyəli investisiyalar sayəsində dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri olaraq qalmaqdadır.
Ukraynanın ən varlı iş adamlarından biri kimi tanınan Rinat Axmetov, xüsusən də enerji, mədənçilik və polad sektorlarında fəaliyyət göstərən oliqarxdır. Donetskdə yerləşən “System Capital Management” (SCM) holdinqin sahibi olan Axmetov, ölkənin ən böyük sənaye şirkətlərindən bəzilərinə nəzarət edir.
Bir vaxtlar siyasətlə də məşğul olan Axmetov, Ukrayna parlamentinin deputatı da olub. O, xüsusilə Donbas bölgəsindəki iqtisadi gücü və Ukraynadakı siyasi təsiri ilə tanınır.
Tahir TAĞIYEV