Məhərrəm Zülfüqarlı: “Paşinyanın bu bəyanatı bütün dünya tərəfindən müdafiə olunmalıdır”
Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bunu Paşinyan "Facebook" səhifəsində canlı yayımda bildirib.
“Yeni Konstitusiyada Bəyannaməyə istinad olmamalı olduğunu deyəndə mövqeyimi açıq şəkildə ifadə etdim. Niyə? Sadəcə olaraq, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətinə əsaslanaraq. Bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - Paşinyan bildirib. O əlavə edib ki, bu, Qərbi Ermənistan, "dənizdən dənizə Ermənistan" müzakirəsini qəbul etmək deməkdir.
Bir sözlə, Paşinyan seçki ərəfəsində erməni cəmiyyətinə mesaj verir ki, köhnə xülyalardan əl çəkin.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Ermənistanda seçki yaxınlaşdıqca ölkədə ictimai-siyasi vəziyyət gərginləşir: “Müxtəlif bəyanatlar, fikirlər səslənir. Paşinyanın bu çıxışı da seçki ərəfəsi siyasi platformasının ana xəttidir. Məsələ ondadır ki, Qarabağ münaqişəsi SSRİ çökərkən Rusiyanın təhriki ilə başladı. Nəticədə Ermənistan Konstitusiyasına Qarabağı öz ərazisi kimi daxil etdi. Bu, açıq-aşkar BMT nizamnaməsini pozmaq idi. Həmçinin Qarabağ müharibəsi uzun sürdü. Nəhayət 26 illik atəşkəsdən sonra 44 günlük müharibə baş verdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bütün bunlardan sonra münasibətlərdə yeni dönəm başladı və Paşinyan birmənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Ancaq Ermənistanda seçki ərəfəsində Rusiyanın məsələləri daha da qarışdırması və bu məsələdən istifadə edərək hakimiyyət dəyişikliyinə cəhd etməsi, təxribatlara hazırlaşması qabaqlayıcı addımları zərurətə çevirir. Paşinyanın Konstitusiya ilə bağlı mesajları potensial təxribatları önləmək məqsədi daşıyır. Paşinyan erməni xalqının gələcəyi ilə bağlı düzgün istiqaməti bildirib. Yəni əgər bundan sonra erməni əhalisi müharibə etmək istəmirsə, öz qonşuları ilə mehriban münasibətlərin qurulmasını istəyirsə, Konstitusiyanın preambulasındakı məsələdən imtina etməlidir. Belə görünür ki, yeni Konstitusiyada belə də olacaq. Bu, həm də Azərbaycana verilən siqnaldır. Ancaq bütün bunlara baxmayaraq, Rusiya prosesləri pozmaq istəyir. Azərbaycan və dünyanın sülhsevər qüvvələri çalışmalıdır ki, bu proses geri dönməsin. Regionda sülh bərqərar olsun. Ermənistanın Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşsın. Bu, tək region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. Çünki regiondan böyük tranzit xətləri keçir. O üzdən, Paşinyanın bu bəyanatı bütün dünya tərəfindən müdafiə olunmalıdır”.
Vidadi ORDAHALLI