Müşahidələrə görə, əgər Türkiyə ABŞ-ın Yaxın və Orta Şərq müharibəsinə qarşı açıq və sərt mövqe qoysa, bunun sülh prosesinə böyük təsiri ola bilər. Doğrudur, Türkiyə bölgədə sülh və təhlükəsizliyə yönəlik səylər göstərir. Lakin ehtimallara görə, Ankara əgər ABŞ-ın siyasətinə qarşı da sərt mövqe qoysa, nəticə daha böyük və səmərəli ola bilər. Maraqlıdır, Türkiyə ABŞ-ın indiki İran siyasətini niyə açıq şəkildə pisləmir? NATO üzvü olduğu məlum. Ancaq bəzi NATO üzvlərindən ABŞ-ın siyasətini tənqid edənlər var. Türkiyə bunu etmir, səbəb nədir?
Türkiyənin ABŞ-ın İran və Yaxın Şərq siyasətinə qarşı açıq mövqe tutmaması, bir sıra qarşılıqlı bağlı strateji hesablamalardan qaynaqlanır. NATO üzvlüyü Ankara üçün yalnız bir ittifaq deyil, eyni zamanda Rusiya kimi böyük bir regional güc qarşısında mövcud olan əsas təhlükəsizlik zəmanətidir. Bu zəmanəti riskə atmaq Türkiyənin coğrafi mövqeyi nəzərə alındıqda siyasi cəhətdən çox baha başa gələr.
Buna paralel olaraq, Türkiyənin ABŞ ilə müdafiə sənayesi, maliyyə institutları və ikitərəfli sazişlər çərçivəsindəki dərin asılılıqları mövcuddur. F-35 böhranından sonra hələ tam bərpa olunmayan münasibətlər fonunda Vaşinqton ilə açıq qarşıdurmaya girmək bu prosesi daha da mürəkkəbləşdirər. Eyni zamanda Türkiyə İranla da həssas bir balans siyasəti yürütməyə məcburdur. İrana açıq yaxınlıq göstərmək Körfəz ölkələri ilə qurulan münasibətlərə ciddi zərər verə bilər. Əslində heç İran da bunu təsdiq istəmir.
Bütün bunların fonunda Ərdoğan hökumətinin üstünlük verdiyi diplomatik model birbaşa tənqidə deyil, vasitəçilik rolunun üstünlüyünə söykənir. Bu yanaşma Türkiyəyə "danışıq körpüsü" statusu qazandıraraq regional nüfuzunu qoruyur. Fransa və ya Almaniyanın ABŞ siyasətini açıq tənqid edə bilməsinin arxasında isə daha güclü iqtisadi müstəqillik və Amerikanın hərbi zəmanətinə daha az ehtiyac dayanır. Türkiyənin bu imkandan məhrum olması onun hərəkət məkanını əhəmiyyətli dərəcədə daraldır və buna görə Ankara etirazını sərt bəyanatlarla deyil, incə diplomatik manevrlər vasitəsilə ifadə etməyi daha rasional hesab edir.
Akif NƏSİRLİ