Yaxın Şərqdə ABŞ-İran gərginliyi davam edərkən, ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki də əməliyyatları davam edir. ABŞ Müdafiə Nazirliyi X sosial media hesabında dünən gecə sanksiya altında olan “M/T Tifani” gəmisinə qarşı əməliyyatın həyata keçirildiyini açıqlayıb.
Beynəlxalq suların "sanksiyalı gəmilər üçün sığınacaq olmadığı" vurğulanan açıqlamada, qanunsuz şəbəkələri pozmaq və İrana maddi dəstək verən, sanksiya altında olan gəmilərin harada fəaliyyət göstərməsindən asılı olmayaraq qarşısını almaq üçün qlobal dəniz nəzarəti səylərinin davam etdiriləcəyi bildirilir.
Dəniz nəqliyyatının monitorinqi platforması olan MarineTraffic-in məlumatına görə, hadisə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında baş verib.
CNN bildirib ki, hadisə ABŞ-ın İran limanlarını blokadası hələ də qüvvədə olduğu müddətdə baş verdiyi üçün diqqət çəkir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) veb saytına görə, "M/T Tifani" gəmisi İran neftini daşıdığı iddiası ilə sanksiyalar altındadır.
Tahir TAĞIYEV