İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi növbəti dəfə Körfəz ölkələrini təhdid edib.
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz ölkələrinə sərt şəkildə xəbərdarlıq edən Musəvi, ölkələrin öz ərazilərindən və ya obyektlərindən İrana hücumda istifadəyə icazə verməsinin Yaxın Şərqdə neft hasilatına son qoyacağını bildirib.
Tasnim Xəbər Agentliyinə danışan Musəvi, İrana qarşı hər hansı bir hücuma eyni şəkildə cavab verməyə hazır olduqlarını bir daha vurğulayıb: "Əgər düşmən yenidən bu təmiz torpaqlara hücum etmək səhvini edərsə və qonşu ölkələr onlara kömək edərsə, bu dəfə hədəfimiz sizin dediyiniz yer olacaq".
Musəvi, "təcavüzkara yardım göstəriləcəyi təqdirdə" enerji dəhlizlərinin hədəf alınacağını bildirib: "İranın cənub qonşuları bilməlidirlər ki, əgər onların ərazisi və ya obyektləri düşmənlər tərəfindən İran xalqına hücum etmək üçün istifadə olunarsa, Yaxın Şərqdə neft hasilatına əlvida demək məcburiyyətində qalacaqlar".
Tahir TAĞIYEV