Təbriz Musayev: “Bu, o deməkdir ki, Ermənistandan müxtəlif illərdə yüz minlərlə azərbaycanlı deportasiya edilib”
Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsinin gündəmdə saxlanılması məhsuldar deyil. Bunu Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib.
“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayaq. Bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var”, - Paşinyan vurğulayıb.
Paşinyan Qarabağ məsələsinin bağlandığını dəfələrlə bəyan edib. Seçki ərəfəsində bunu bir daha bəyan edərək sözügedən məsələdə hakimiyyətin mövqeyini ortaya qoyub. Bununla belə, Paşinyan açıqlamasında “başqalarının da öz həqiqəti var” deməklə nəyə işarə etdi?
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu, dolayısı ilə indiki Ermənistan ərazilərinin Azərbaycana məxsus olduğu anlama gəlir: “Paşinyanın nəzərdə tutduğu başqalarının öz həqiqəti o deməkdir ki, Ermənistandan müxtəlif illərdə yüz minlərlə azərbaycanlı deportasiya edilib. Ermənilər Qarabağa qayıtdığı halda, bununla paralel azərbaycanlılar da Ermənistana qayıtmalıdır. Hesab edirəm ki, Paşinyan məhz bunu nəzərdə tutaraq eyham vurur. Özü də Qarabağ ermənilərindən fərqli olaraq Ermənistanda yaşayan azərbaycanlılar oranın aborigen əhalisi olub. Haradansa ora köçməyiblər. Əsrlər boyu dədə-baba torpaqlarında yaşayıblar. O vaxta qədər ki, Rusiya Cənubi Qafqazı işğal edənə qədər. Yəni Rusiyanın regionu işğal etməsindən sonra ermənilərin Qərbi Azərbaycan ərazilərinə köçü təmin edildi. Süni şəkildə ermənilər indiki Ermənistanda, Qarabağda məskunlaşdırıldı. Məqsəd türk-müsəlman varlığını bölgədə sıxışdırmaq və bu minvalla digər region ölkələri təsir altında saxlamaq idi. Müəyyən mənada buna nail də oldular. 1918-ci ildə tarixi Azərbaycan ərazilərində Ermənistan yaratdılar. 1920-ci ildə Göyçə və Zəngəzur Ermənistana verilməklə bu ölkənin ərazisi 29 min kvadrat kilometr oldu. Ən dəhşətli zərbə Zəngəzurun Ermənistana verilməsi idi. Bu zaman həm Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa quru əlaqəsi kəsildi, həm də Türkiyənin türk dünyası ilə birbaşa bağlantısına son qoyuldu. Deməyim odur ki, ermənilər nə qədər məkrli bir toplum olsalar da, həm də böyük dövlətlərin əlində bir alətdirlər. Paşinyan məlum açıqlaması ilə həm də bunu demək istəyir. Yəni Ermənistan daha böyük dövlətlərin əlində alət olmaq istəmir”.
Vidadi ORDAHALLI