Azərbaycan öz iqtisadi siyasətini qlobal proseslərdən təcrid olunmuş şəkildə deyil, onların real təsirləri nəzərə alınmaqla formalaşdırır.
Bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov deyib.
“Bu gün dünyada gedən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır. Belə bir şəraitdə əsas məsələ qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı iqtisadi idarəetmə modelini qorumaqdır. Azərbaycan məhz bu yanaşmaya üstünlük verir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz iqtisadi siyasətimizi qlobal proseslərdən təcrid olunmuş şəkildə deyil, onların real təsirləri nəzərə alınmaqla formalaşdırırıq”, - deyə Baş nazirin müavini qeyd edib.
Samir Şərifov bildirib ki, vergi sistemi dövlətin iqtisadi idarəetmə mexanizmlərinin əsas dayaqlarından biri olmaqla, makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi proseslərin balanslı şəkildə tənzimlənməsində mühüm rol oynayır: “Bu baxımdan vergi sisteminin gələcəyinə makro səviyyədə baxmaq, onu ümumi iqtisadi strategiyanın tərkib hissəsi kimi dəyərləndirmək xüsusi əhəmiyyət kəsb edir”.
ZÜMRÜD