Xalid Kərimli: "Düşünməyək ki, Azərbaycanın gəlirlərinin artması səbəbi ilə manat güclənəcək, dollara qarşı bahalaşacaq - belə bir hadisə baş verməyəcək"
ABŞ-İsrail əməliyyatından və Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlərdən sonra neftin qiyməti kəskin şəkildə artıb. Qızılın qiyməti də artıb və qazın qiymətində kəskin artım mümkündür.
Müharibə şəraiti dollar-manat məsənnəsinə necə təsir edə bilər?
Müharibə şəraiti dollar-manat məzənnəsinə təzyiq göstərə bilər. Qlobal risklərin artması investorları “təhlükəsiz liman” axtarışına yönəldir, bu da ABŞ dollarına tələbi yüksəldir və manatın nisbətən zəifləməsinə səbəb ola bilər. Eyni zamanda enerji və ərzaq qiymətlərinin qalxması idxal xərcini artırır, bu da valyuta bazarında əlavə təzyiq yarada bilər. Lakin Mərkəzi Bankın müdaxiləsi və strateji ehtiyatların istifadəsi məzənnənin qəfil dalğalanmasını müəyyən qədər yumşalda bilər.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, dollar-manat məzənnəsində heç bir dəyişiklik baş verməyəcək, yəni 1 dollar-1,7 manat məzənnəsi qorunub saxlanılacaq: "O düşüncəyə gəlmək olmaz ki, bu hadisələrdən sonra manat bahalaşacaq. Hazırda manat dollara görə ən yaxşı məzənnə mövqeindədir. Neftin, qazın və qızılın qiymətinin qalxması da bu məzənnəyə heç bir təsir göstərməyəcək. Amma baş verən hadisələr dünyada dolların məzənnəsini artırıb. Manat dollara bərkidildiyinə görə avtomatik olaraq milli vayutamız digər valyutalar qarşısında dəyər qazanır, bahalaşır. Amma düşünməyək ki, Azərbaycanın gəlirlərinin artması səbəbi ilə manat güclənəcək, dollara qarşı bahalaşacaq - belə bir hadisə baş verməyəcək. Çünki manatın dəyəri bazarda formalaşmır, inzibatı alətlərlə AMB tərəfindən tənzimlənir. AMB-nin siyasəti də manatın məzənnəsinin dollara nəzərən sabit saxlanılmasıdır. Gəlir artanda AMB bu işin öhdəsindən daha asan gəlir, gəlir azalanda isə müəyyən çətinliklər yaşana bilir. Hazırda gəlir artaırsa, AMB manata yönəlik siyasətini daha rahat həyata keçirərək, indiki sabit kursu asanlıqla saxlaya biləcək".
Akif NƏSİRLİ