Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib.
Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana tranzitini birdəfəlik və ödənişsiz şəkildə təmin edib. Növbəti partiya isə standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.
Tarif məsələsi Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanla görüşünün əsas müzakirə mövzusu olub.
Xudatyan Gürcüstan hökumətinin bu qərarına görə gürcü həmkarına təşəkkürünü bildirib. Qərara əsasən, Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif dərəcəsi müəyyən edilib.
Qeyd olunub ki, bu, iki ölkə arasında qarşılıqlı əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, Ermənistandan yük tranzitini artıracaq və Gürcüstanın regional nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.
Bildirilib ki, Gürcüstanın əsas prioritetlərindən biri təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat marşrutlarının inkişafıdır.
ZÜMRÜD