Fuad İbrahimov: “Ermənistana gedən yüklərin məhz güzəştli tariflə ötürülməsi faktdır”
Rusiyadan növbəti taxıl yüklü vaqonlar Azərbaycan üzərindən Ermənistana göndərilib. Fevralın 1-də Azərbaycan ərazisindən keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından Ermənistana yola salınıb. Qatar daha sonra Gürcüstana, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.
Son məlumata görə, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə ümumi həcmi 19.900 ton olan 285 vaqon taxıl göndərilib.
Xatırladaq ki, Rusiya buğdasının ilk partiyası Ermənistana 5 noyabr 2025-ci ildə, Qazaxıstan buğdası isə üç gün sonra, 8 noyabrda göndərilib.
Azərbaycan bu taxıl tranzitindən nə qədər qazanır və buna görə pul alırmı? Qazanc əldə edirmi?
İqtisadçı Fuad İbrahimov baki-xeber.com-a bildirdi ki, tranzit məsələlərində aydın tarif var: “İstənilən halda tranzit haqqları ödənilir. Amma Ermənistana gedən yüklərin məhz güzəştli tariflə ötürülməsi faktdır. Ola bilsin, müqavilələrin bəzi hissələri bəlkə də kommersiya sirri olduğu üçün açıqlanmır. Yaxud bəlkə də müqavilələrin elə bir hissəsi də var ki, tranzit əməliyyatlarının müəyyən hissələri, tutalım, daşınmanın özü pulsuz da həll oluna bilir, amma digər rüsumlar var ki, onlar ödənilir. Ən azından söhbət ondan gedir ki, tranzit əməliyyatlarına görə müəyyən gəlirlərimiz var, amma bu əməliyyatlar hamısı güzəştli şəkildə həyata keçirilir. Bu da öz növbəsində Ermənistana çatan məhsullarda qiymət əmələ gəlmə prosesinə müsbət təsir edir”-deyə F.İbrahimov qeyd etdi.
İradə SARIYEVA