Fuad İbrahimov: “Belə vəziyyət orta və kiçik sahibkarlığın geriləməsinə təkan verir”
Ötən il Azərbaycan bankları tərəfindən biznes sektoruna ümumilikdə 16,1 milyard manat kredit yönəldilib. Mərkəzi Bankın 2025-ci ilə dair statistik bülleteninə əsasən, kredit təşkilatlarının biznes kredit portfeli 2024-cü illə müqayisədə 8,9 faiz artıb.
Ancaq problem ondadır ki, biznes kreditlərinin yarıdan çoxu iri şirkətlərə verilib. Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsünün təhlili göstərir ki, portfelin mütləq əksəriyyəti iri korporasiyaların əlində cəmləşib. Belə ki, banklar tərəfindən iri şirkət və holdinqlərə verilən kreditlərin həcmi 8,6 milyard manata yaxın olub. Bu, ümumi biznes kreditlərinin yarıdan çoxunu – 53,1 faizini təşkil edir.
İqtisadiyyatın inkişafı naminə kiçik və orta sahibkarlığın inkişafının vacibliyindən danışılır, amma biznes kreditləri iri şirkətlərə verilir. Bu, nə dərəcədə doğrudur?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, istənilən biznesin, mühitin, rəqəmin, göstəricilərin bir sistemi olmalıdır: “O cümlədən, ayrılan kreditlərin də xəritəsi olmalıdır. Burda nəzərə almaq lazımdır ki, biznes kreditlərinin payının artmasının özü müsbət haldır. Yəni nə qədər biznes krediti artarsa, bir o qədər iqtisadiyyatın şaxəliyi, iqtisadiyyatın dayanıqlığı, inkişafı artacaq. Bu, iqtisadiyyatın bir göstəricisidir. Bu gün ölkə iqtisadiyyatında istehlak kreditləri üstündürsə, bu, o deməkdir ki, iqtisadi inkişaf yaxşı istiqamətdə getmir. Ancaq bundan fərqli olaraq biznes kreditləri artdıqca, bu, iqtisadiyyatın sağlamlığı haqında məlumat verir. Lakin biznes kreditinin tərkibində mütləq şəkildə şaxələnmə və tarazılıq bərqərar olmalıdır. Yalnız iri sahibkarlara daha çox biznes kreditinin verilməsi doğru deyil. Belə vəziyyət orta və kiçik sahibkarlığın geriləməsinə təkan verir. Ümumiyyətlə, inkişaf dayanır, yerindən tərpənmir. Biz iqtisadiyyatlın dayanıqlı inkişafını, məşğulluq səviyyəsinin yüksəlməsini, daha çox iş yerlərinin açılmasını istəyiriksə, o zaman kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verməliyik. Kreditlərin verilməsində tarazılıq qorunmalıdır. Sahibkarlığın bu sahəsi lazımı səviyyədə inkişaf etmədən iqtisadi-sosial inkişafda real nailiyyət mümkün deyil. Əfsuslar olsun ki, Azərbaycanda kiçik və orta sahibkarların biznes kreditlərinə əlçatanlığı çox pis vəziyyətdədir. Üstəlik, elə şərtlərlə, faizlərlə kredit verilir ki, bir sıra hallarda sahibkar müflis olur. Ona görə də hesab edirəm ki, bütün bu problemlər öz həllini tapmalıdır”.
Vidadi ORDAHALLI