2026-ci il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524.5 milyon manat təşkil edib. Bu barədə Mərkəzi Bankın yaydığı hesabatda bildirilir. Hesabata görə, bu göstərici əvvəlki ayla müqayisədə 33.1 milyon manat azdır. Amma ölkədə problemli kreditlərin məbləği ümumilikdə 2025-ci ildə 16.8 faiz və ya 75.4 milyon manat artıb.
Ekspertlər bildirir ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun, hər biri çox yüksək faizlidir. Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük faizlər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Ölkəmizdə durum fərqlidir. Hesab olunur ki, kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Çünki indiki hal İR müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək. Bir sıra ekspertlər hesab edir ki, pul-kredit siyasətinin sərt olmasına görə kredit qoyuluşlarının həcmi iqtisadiyyatda tələb olunan investisiya həcminə uyğun gəlmir. Nəticədə sahibkarlar götürülən kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşirlər. Eyni zamanda, bəzi hallarda müştərinin məsuliyyətsiz davranışı da problemli kreditlərin artmasına səbəb olur.
Ekspertlər bildirir ki, belə vəziyyətlərdə əsas çıxış yolu kreditlərin restrukturizasiyası hesab olunur. Restrukturizasiya kredit borcunun daha uzun müddətə yayılması, faiz dərəcəsinin azaldılması və ya müəyyən hallarda minimal faizlə ödəniş qrafikinin sadələşdirilməsi deməkdir. Məqsəd müştərinin borcu real şəkildə ödəyə bilməsinə şərait yaratmaqdır. Banklar problemli kredit portfelini təhlil etdikdən sonra risk siyasətinə yenidən baxmalı, kredit verilmə şərtlərini sərtləşdirməli, zamin və əlavə təminat tələblərini gücləndirməlidirlər. Bu cür tədbirlər adətən müvəqqəti xarakter daşıyır. Problemli kreditlər azaldıqdan və portfel sağlamlaşdıqdan sonra banklar kredit fəaliyyətini yenidən genişləndirə bilirlər.
Ramil QULİYEV