Firdovsi Şahbazov: “Bunun başlıca səbəbi onunla bağlıdır ki, bank sektorunda monopoliya mövcuddur”
Son illər bankların əldə etdiyi gəlirlərdə artım müşahidə edilir. Banklar təkcə faizlərdən 5 milyard manat qazanıblar. Bunu ən son statistik rəqəmlər də təsdiq edir. Belə ki, ötən il Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirləri 4 milyard 996,4 milyon manat olub.
Məlum olub ki, 2024-cü illə müqayisədə ötən il bankların faiz gəlirləri 918 milyon manat və ya 22,5 faiz artıb. Bu da gəlirlərin artmasında ciddi rəqəmdir.
Burada diqqət çəkən məqam odur ki, bankların həm xalis və həm də faiz gəlirləri artsa da, bu, kredit faizlərinin aşağı düşməsinə səbəb olmur. Tam əksinə, bu arada kredit faizləri yenidən artır. Niyə?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bankların faiz soyğunçuluğu ilə məşğul olmasına zəmin yaradan bir sıra faktorlar mövcuddur: “Bunun başlıca səbəbi onunla bağlıdır ki, bank sektorunda monopoliya mövcuddur. Öz aralarında sövdələşərək istədikləri kimi kredit faizlərini müəyyən edirlər. Banklar arasında rəqabət olsa, kredit faizləri bu qədər yüksək olmaz. Rəqabət bankları məcbur edəcək ki, daha münasib faizlə əhaliyə kredit təklif etsinlər. Təəssüflər olsun ki, belə bir mühit olmadığından faktiki olaraq banklar əhalini soymaqla məşğuldurlar. Çünki əhalinin digər seçim imkanı yoxdur. Digər problem onunla əlaqədardır ki, böyük xarici bankların ölkəyə gəlməsinə imkan verilmir. Kredit faizlərinin aşağı düşməsinə əngəl yaradan vacib amillərdən biri bununla əlaqədardır. Ən nəhayət, ölkədəki bankların ucuz kredit resurslarına çıxış imkanlarının olmaması da burada müəyyən paya malikdir. O baxımdan hesab edirəm ki, sadalanan problemlər həllini taparsa, Azərbaycanda kredit faizləri aşağı düşəcək”.
Vidadi ORDAHALLI