Əkrəm Həsənov: “Bank ödənişi zamindən alsa belə, girov da satışa çıxarılır”
Günümüzdə krediti olmayan insan tapmaq çətindir desək, yanılmarıq. Müxtəlif səbəblərdən insanlar banklardan kreditlə pul götürürlər. Bankdan kreditlə pul götürməyi təmin edən əsas şərtlərdən biri də zamin olacaq şəxsin tapılmasıdır.
Bununla yanaşı, kredit götürən şəxsdən girov da tələb olunur. Maliyyə öhdəlikləri və bank kreditləri ilə bağlı ən çox maraq doğuran suallardan biri də girovla təmin olunan kreditlər üzrə zaminin məsuliyyətidir. Xüsusilə də borcun ödənilməməsi halında bankın birbaşa zamindən tələb irəli sürüb-sürməyəcəyi cəmiyyətdə geniş müzakirə olunur.
Maraqlıdır, girov olduğu halda bank borcun ödənilməsini birbaşa zamindən tələb edə bilərmi?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov baki-xeber.com-a şərhində bildirdi ki, həm girov, həm də zamin kreditin ödənilməsinin təminatlarıdır: “Məhkəmə qərarı ilə kredit ödənişi zamin və ya girov hesabına icra edilə bilər. Kredit zamindən tutulduğu halda, zamin ondan tutulmuş məbləği borcalandan tələb etmək hüququna malikdir. Bank üçün əsas məqsəd verdiyi vəsaitin tez və qısa müddətdə geri qaytarılmasıdır. Məsələn, məhkəmə qərar çıxarır ki, A adlı şəxsin banka 50 min manat borcu var və onun 60 min manat dəyərində evi girovdadır. B adlı şəxs isə zamindir. Zaminin aylıq əməkhaqqı təxminən 3 000 manatdır. A adlı şəxsin rəsmi gəliri olmadığı üçün borc zamindən tutulur. Bank verdiyi pulu qısa müddətdə almaq məqsədilə zamindən ödəniş tələb edir.
Nəzərə almaq lazımdır ki, girovun satışı hər zaman tez bir zamanda mümkün olmur. Bu səbəbdən banklar daha asan yola əl atırlar. Ancaq onu da qeyd edim ki, bank ödənişi zamindən alsa belə, girov da satışa çıxarılır. Girov qoyulan əmlak borcu tam bağlamazsa, zaminin ödədiyi vəsait geri qaytarılmır. İstənilən halda bank üçün zamin kredit götürən şəxslə eyni statusa malikdir. Zaminlik olduqca təhlükəli prosesdir”.
Günel CƏLİLOVA