Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın kredit reytinqinə müsbət təsir göstərə bilər. Bu barədə Trend Fitch Ratings agentliyinə istinadən xəbər verir.
“Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqi (LTFC IDR) üzrə proqnozunu “Sabit”dən “Müsbət”ə dəyişib və reytinqin özünü BB- səviyyəsində təsdiqləyib.
“Ermənistan və Azərbaycan sülh sazişinin əldə olunmasına hədəflənmiş birgə bəyannamə imzalayıblar ki, bu da qısamüddətli perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanla və onun ərazisi üzərindən ticarət tədricən açılır. Həmçinin Türkiyə ilə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşır və məlumatlara görə, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir”, – “Fitch”in hesabatında qeyd olunur.
Agentlik hesab edir ki, Azərbaycanla sülh sazişinin ardıcıl şəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatının orta müddətli proqnozu üçün əlavə artım potensialı yarada bilər.
Reytinqə mənfi təsir göstərə biləcək amillər sırasında “Fitch” geosiyasi riskləri artıran və siyasi-iqtisadi sabitliyi sarsıdan hadisələri, o cümlədən Azərbaycanla mövcud sülh prosesinin pozulmasını qeyd edir.
Agentliyin analitikləri bildirirlər ki, reytinqin yüksəlməsinə səbəb ola biləcək əsas amillər sırasında geosiyasi risklərin və daxili siyasi qeyri-müəyyənliyin davamlı azalması, xüsusilə Azərbaycanla sülh prosesində mühüm irəliləyiş durur.