Niyazi Əliyev:“Sığorta şirkətləri tərəfindən məbləğin düzgün təyin olunmaması vətəndaşların narazılığına səbəb olur”
Avtonəqliyyat vasitəsi sahiblərinin əksər sığorta şirkətlərindən narazılıqları artmaqdadır. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) avto-icbari sığorta üzrə şikayət indeksi ilə bağlı açıqladığı məlumatda bir daha öz əksini tapıb.
Bankın məlumatına görə, vətəndaşların ən çox narazı olduğu sığorta şirkətlərinin siyahısında ilk sırada “XalqSığorta” ASC (1.49 indeksi ilə) olub. Ən çox şikayət edilən şirkətlər arasında "AtaSığorta" ASC ikinci olub. “Atəşgah Sığorta” isə 1.47 indeksi ilə siyahıda üçüncü olub.
Maraqlıdır, sürücülər niyə qeyd edilən sığorta şirkətlərindən narazıdır?
Sığorta eksperti Niyazi Əliyev baki-xeber.com-a şərhində bildirdi ki, sürücülər bəzi sığorta şirkətlərinin qəza zamanı onların sığortalarının vaxtında ödənməməsi və digər bu kimi problemlərdən narazılıq edir: “Sürücülər əsasən sığorta şirkətlərindən onların düzgün qiymətləndirmə aparmamasına görə narazıdır. Ümumiyyətlə, əsas şikayət olunan hissə qiymətləndirmə ilə bağlıdır. Yəni sığorta şirkətləri tərəfindən məbləğin düzgün təyin olunmaması vətəndaşların narazılığına səbəb olur. Bu məsələnin həlli ilə bağlı birinci növbədə Mərkəzi Bank məşğul olmalıdır. Mərkəzi Bankın da səlahiyyətləri var ki, qanun çərçivəsində həmin sığorta şirkətlərinə xəbərdarlıq, tənbeh tədbirləri görsün”.
Günel CƏLİLOVA