Fikrət Yusifov: “İqtisadiyyatı neftdən sılı olan bir ölkə üçün bu çox yaxşı haldır”
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılır.
Fərmanə əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması məqsədilə Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılacaq.
İqtisadçı ekspert Fikrət Yusifov baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycan iqtisadiyyatında real sektorun payı getdikcə artır. İqtisadiyyatı neftdən asılı olan bir ölkə üçün bu çox yaxşı haldır: “Gəncə şəhəri və Şəmkir rayonu ərazisində sənaye parkının yaradılması da ölkədə real sektorun inkişafı istiqamətində növbəti addım kimi dəyərləndirilməlidir.
Bu sırada mühüm məsələlərdən biri dövlətin dəstəyi ilə açılan belə sənaye parkları ilə yanaşı kiçik və orta sahibkarlara yerlərdə özəl istehsal müəssisələri qurmaq üçün real şəraitin yatradılmasıdır. Əslində bu gün Azərbaycanın istənilən bölgəsində biznes fəaliyyəti üçün münbit şərait mövcuddur. Biznesin normal fəaliyyəti üçün mövcud olan əsas problem, onun maliyyə əlçatanlığının olmamasıdır. Biz bu barədə dəfələrlə demişik. Nə qədər ki, Azərbaycanda biznes normal bank kreditləri almaqdan məhrum olacaqdır, bizim biznesdən gözləntiliərimiz doğrula bilməyəcəkdir. Bu gün Azərbaycanda kiçik və orta biznesin kredit əlçatanlığı çox aşağı bir səviyyədədir. Hökumət və Mərkəzi Bankı bu problemin həllinə köklənməlidi – bunun alternativi yoxdur...”.
Günel CƏLİLOVA