Kamran Məmmədli: “Subsidiyalaşdırma prosesində pərakəndəlik müşahidə olunur”
Biləsuvar rayonundan olan onlarla fermer kənd təsərrüfatı subsidiyalarını ala bilmir. Fermerlər bu barədə sosial mediada öz şikayətlərini ictimailəşdiriblər. Şikayətçilərin sözlərinə görə, məsələ ilə bağlı artıq ölkə rəhbərliyinə müraciət ediblər.
Onlara dekabrın 29-da torpaqların analiz olunmadığı bildirilib və dərhal analiz pulunun ödənilməsi tələb olunub. Şikayətçilər deyir ki, pambıq məhsulunu vaxtında təhvil versələr də, ödəniş ala bilməyiblər, çətin durumda qalıblar.
Iqtisadçı Kamran Məmmədli baki-xeber.com-a şərhində bildirdi ki, subsidiya fermerlərə, əkin sahələrində təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə verilir. Lakin bu prosesin monitorinqi və şəffaflığın təmin olunması istiqamətində görülən tədbirlər yetərsizdir: “Subsidiyalaşdırma prosesində pərakəndəlik müşahidə olunur və bu sahədə tətbiq edilən qaydalar sistemli şəkildə icra olunmur. Biləsuvarlı fermerlərlə bağlı məsələni tədarükçü şirkət həll etməlidir. Ümumiyyətlə, əkin prosesləri, məhsulun becərilməsi, təhvil verilməsi və fermerlərə ödənişlər birbaşa vətəndaşla tədarükçü şirkət arasında imzalanmış müqavilə əsasında icra olunur”.
Günel CƏLİLOVA