Eyyub Kərimli: “Müəyyən sahələrin inkişafı üçün xarici investisiyaların ölkəyə cəlb olunması vacibdir”
“Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir”. Bunu Prezident İlham Əliyev "Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Məsələyə münasibət bildirən iqtisadçı Eyyub Kərimli baki-xeber.com-a şərhində bildirdi ki, istənilən ölkənin inkişafı xarici investiyasız mümkün deyil: "Xarici investisiyaların cəlb olunması prioritet istiqamətdir. Çünki bizim yaşıl və alternativ enerji ilə bağlı mövqeyimiz bəllidir. Bu istiqamətdə investisiyaların cəlb olunması əhəmiyyətlidir. Azərbaycanın yeni iqtisadi tarixinə nəzər yetirsək görərik ki, ölkəmiz xarici investorlar üçün cəlbedici olub. Bu da ölkəmizdə sabit mühitin, iqtisadiyyatın investisiyalar geniş imkanlar yaratması ilə bağlıdır”.
Həmsöhbətimiz hesab edir ki, müəyyən sahələrin inkişafı üçün xarici investisiyaların ölkəyə cəlb olunması vacibdir. Bu hal yeni iş yerlərinin açılması deməkdir.
Günel CƏLİLOVA