Firdovsi Şahbazov: “... əsasən sanksiyalarla bağlıdır”
Bu ilin 11 ayında Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini azaldıb, Rusiya ilə artırıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5.2 milyard dollar təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 424.3 milyon dollar və ya 7.5 faiz azdır.
Əvəzində isə Azərbaycanın başqa bir qonşusu - Rusiya ilə ticarət dövriyyəsi bir qədər də güclənib. Bu ilin 11 ayında Azərbaycan Rusiyaya 1 milyard 87 milyon dollar dəyərində (+0.3 faiz) məhsul ixrac edib. İdxal isə 3 milyard 420 milyon dollar (+3.8 faiz) təşkil edib. Hazırda Rusiya Azərbaycanın ticarət dövriyyəsində 10.11 faizlə üçüncü yeri tutur.
Görünən odur ki, Rusiyanın Azərbaycanla gərginliyi davam etdirməsinə baxmayaraq, iqtisadi sektor Azərbaycana daha çox mal ixrac etməkdə maraqlı olduğunu göstərir. Çünki Rusiyadan Azərbaycana məhsul ixracı daha çox artıb. Görünür ki, iqtisadi sektor, siyasi hakimiyyətdən fərqli olaraq, Azərbaycanla daha yaxşı münasibətlərdə olduğunu ifadə edir.
“Kremldən fərqli olaraq, iqtisadi dairələr Azərbaycanla ticarətin genişlənməsində maraqlıdır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında belə vəziyyətin yaranmasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Rusiya Azərbaycanın aqrar məhsulları üçün ənənəvi bazardır. İllərdir Azərbaycan kənd təsərrüfatı məhsullarını əsasən Rusiyaya ixrac edir. Çünki iki ölkə arasında birbaşa sərhəd mövcuddur. Hansısa üçüncü ölkə ərazisindən istifadə etməyə zərurət yoxdur. Digər tərəfdən, ölkəmizdə istehsal edilən aqrar məhsullara Rusiyada tələbat böyükdür. Rusiyadan idxalın artmasına gəldikdə isə, bu, əsasən sanksiyalarla bağlıdır. Rusiya sanksiyalar altında olduğu üçün bir sıra ölkələrə məhsul ixrac edə bilmir. Azərbaycan sanksiyalara qoşulmadığı üçün Rusiya bir sıra məhsullarını ölkəmizə ixrac edir. Ona görə Rusiyadan idxal bu qədər artıb. Kremldən fərqli olaraq, iqtisadi dairələr Azərbaycanla ticarətin genişlənməsində maraqlıdır”.
Vidadi ORDAHALLI