Bakıda "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbir keçirilib. Trend xəbər verir ki, tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin ticarət müşaviri və sahibkarlar iştirak ediblər.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Gülizar Yavaş çıxışında bildirib ki, məqsədləri Azərbaycanla da qarşılıqlı güzəştlərə əsaslanan, daha geniş imkanlar yaradan azad ticarət sazişinə nail olmaqdır.
O qeyd edib ki, ümumi mənzərəyə baxdıqda, Azərbaycan və Türkiyə arasında təxminən 8 milyard dollarlıq ticarət dövriyyəsinin böyük hissəsini enerji sektoru təşkil edir:
"Türkiyə tərəfi olaraq istəyimiz odur ki, ölkələrimiz arasında mövcud olan ikili münasibətlər, müttəfiqlik və qardaşlıq əlaqələri ticarətə və investisiyalara da real şəkildə əks olunsun.
Hər iki ofisin əsas vəzifəsi məhz bu sahədə əməkdaşlığı inkişaf etdirməkdir və bütün məsuliyyətlərimiz də bu istiqamətdə davam edir. Hazırda Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişi mövcud deyil. Müzakirələr davam etsə də, hazırda qüvvədə olan preferensial ticarət sazişi var. Bu saziş çərçivəsində əvvəlcə 30 məhsulu əhatə edən siyahı sonradan 50 məhsula qədər genişləndirilib. Siyahının əsas hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir. Azərbaycan tərəfinin tələbləri də əsasən kənd təsərrüfatı məhsulları üzərində formalaşıb. Bununla yanaşı, siyahıya bəzi sənaye məhsulları da daxil edilib.
Qarabağla bağlı xüsusi razılaşma çərçivəsində Türkiyə tərəfindən birtərəfli güzəştlər, vergi endirimləri və ya sıfır gömrük rüsumu ilə idxal edilə bilən məhsullar üzrə ayrıca siyahı mövcuddur. Bu, xüsusi razılaşma olduğu üçün açıq mənbələrdə tapmaq mümkün deyil".