Vüqar Bayramov: “Azərbaycanla Çin arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub”
Bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb. Ən çox investisiya isə Çindən olub. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 19,070 milyon ABŞ dolları təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,711 milyon dollar və ya 67,9% çoxdur. Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən olan investisiyaların payı 0,4% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Çin iqtisadiyyatına 9,820 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,162 milyon dollar və ya 3,7 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% olub.
Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
Açıqlanan rəqəmlərdən də bəlli olur ki, Çindən Azərbaycana yatırılan investisiyaların həcmi artıb.
“… strateji mütəffiqliyin genişlənməsi qarşılıqlı olaraq investisiya qoyuluşlarına təsir göstərir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanla Çin arasında strateji mütəffiqliyin genişlənməsi qarşılıqlı olaraq investisiya qoyuluşlarına təsir göstərir: “Çindən Azərbaycana yatırılan investisiyanın həcmi artıb, eyni zamanda, ölkəmizdən Çinə yatırılan investisiyalarda da artım müşahidə olunur. Azərbaycan şirkətləri Çin iqtisadiyyatına investisiya qoyuluşunu kəskin şəkildə artırıb. Bu, strateji münasibətlərin səviyyəsini göstərir. Bununla yanaşı, məlum vəziyyət iki ölkə arasında münasibətlərin dərinləşməsindən xəbər verir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Çin arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu da hər iki dövlətin şirkətlərinin bundan faydalanmasına səbəb olacaq: “İki ölkə arasında həm ticarət, həm iqtisadi əlaqələrdə dərinləşmə davam edəcək. Bu da ölkə iqtisadiyyatının inkişafı və stimullaşması baxımından vacibdir”.
Günel CƏLİLOVA