Vüqar Bayramov: “Belə layihələr Azərbaycana valyuta daxilolmalarına töhfə vermiş olur”
Özbəkistan sənayesi tarixində ilk dəfə olaraq Ustyurt yaylasında 6,5 min metr dərinlikdə quyu qazılıb və aparılan işlər nəticəsində böyük qaz ehtiyatları aşkar edilib.
Ustyurt yaylasında işlərə 2024-cü ildə Özbəknefteqaz və SOCAR arasında bağlanan müqavilədən sonra başlanılıb. 2025-ci ilin iyulunda Özbəkistanın Energetika Nazirliyi, SOCAR və Özbəkneftqaz arasında regionda altı investisiya blokunu əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənəd ilk beş il ərzində ən azı 1000 kvadrat kilometr ərazidə geoloji kəşfiyyat, 3D seysmik kəşfiyyat və ən azı bir quyunun qazılmasını nəzərdə tutur. İnvestisiyalar 2 milyard dollar həcmində qiymətləndirilir, proqnozlaşdırılan ehtiyatlar isə 100 milyon tona qədər neft və 35 milyard kubmetr qazdır.
Ümumilikdə, 100 milyon ton neft, 35 milyard kubmetr qazın hasil edilməsində SOCAR-ın iştirakı ölkəyə nə qədər fayda verəcək?
“Özbəkistanla əməkdaşlıq türk dövlətləri ilə əməkdaşlığın daha da dərinləşməsi baxımından vacibdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, biz Dövlət Neft Şirkətinin və investisiya portfelinin praktik olaraq şaxələnməsini müşahidə edirik: “Məlum olduğu kimi, SOCAR tərəfindən həm Avropada, həm Asiyada, həm də Azərbaycanın əsas tərəfdaş ölkələrində investisiya qoyuluşlarının həyata keçirilməsi müşahidə olunur. Təbii ki, Özbəkistanla əməkdaşlıq bir tərəfdən türk dövlətləri ilə əməkdaşlığın daha da dərinləşməsi, digər tərəfdən SOCAR-ın investisiya portfelinin şaxələndirilməsi baxımından vacibdir. Xarici investisiyalar praktik olaraq Dövlət Neft Şirkətinin gəlirlərini artırmaqla yanaşı, Azərbaycan dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərir. Nəzərə almaq lazımdır ki, SOCAR dövlət şirkətidir. Üstəlik, SOCAR-ın xarici sərmayə qoyuluşlarından əldə etdiyi gəlirlər birmənalı şəkildə həm də Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaradır. O baxımdan hesab edirəm ki, SOCAR tərəfindən son dövrlər xarici investisiya portfelinin diversifikasiyası ilə bağlı atılan addımlar müsbət qiymətləndirilməlidir. Bu, Dövlət Neft Şirkətinin gəlirlərinin artmasına xidmət etməklə yanaşı, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarına töhfə vermiş olur. Ümumilikdə, SOCAR-ın belə layihələr həyata keçirməsi müsbət haldır. Bunlardan biri də İsrailə məxsus “Tamar” qaz yatağının işlənməsində SOCAR-ın iştirak etməsidir”.
Vidadi ORDAHALLI