Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdə qeyd olunur ki, 2026-cı ildə Azərbaycanda əhalinin nominal gəlirləri 97,4 milyard manat məbləğində proqnozlaşdırılır. Proqnozlara əsasən, 2027-ci ildə əhalinin gəlirləri 105,3 milyard manata, 2028-ci ildə 113,4 milyard manata, 2029-cu ildə isə 123,2 milyard manata çatacaq. Bu isə 2026-2029-cu illərdə əhalinin gəlirlərinin 26,5 % artacağı deməkdir.
Maliyyə Nazirliyi bildirir ki, 2025-ci il ərzində Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat sektoru, su təchizatı, məşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə kredit müqavilələri imzalanaraq təsdiq edilib. Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 57 milyard 939,3 milyon manat təşkil edib.
Maraqlıdır, Maliyyə Nazirliyinin qarşıdakı illər üçün açıqladığı rəqəmlər ölkənin iqtisadi inkişaf templəri ilə nə qədər uyğunlaşır?
Tahir Mirkişili: “Əhalinin nominal gəlirlərinin illik artımı...”
Millət vəkili Tahir Mirkişili “Bakı-Xəbər”ə açıqlamaslnda qeyd etdi ki, Azərbaycan hökumətinin və beynəlxalq qurumların (IMF, Dünya Bankı) son hesabatlarında 2025–2029 dövrü üçün real ÜDM artım proqnozu ildə təxminən 2.5/2,9–3,5/4.8% civarındadır. İnflyasiya isə orta hesabla 4–5% səviyyəsində proqnozlaşdırılır: “Bu o deməkdir ki, nominal ÜDM artımı (real artım + inflyasiya) ildə təxminən 6–8% ola bilər. Belə olan halda əhalinin nominal gəlirlərinin illik artımı (orta 6,1%) bu diapazona çox yaxındır. Başqa sözlə, gəlir artımı proqnozları iqtisadi inkişafın ümumi templəri ilə uyğunlaşır”.
Natiq Cəfərli: “Real gəlirlərin artımı, təəssüf ki, əvvəlki illərdən aşağıdır”
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, əhali üçün əsas olan real gəlirlərin artmasıdır: “Hər il maaşlarda, təqaüdlərdə indeksləşmə olur, sosial yardımlar, təqaüdün baza hissəsi indeksləşir. Bu ilin göstəriciləri göstərir ki, nominal gəlirlər təxminən 7 faizə qədər artıb, əhalini daha çox maraqlandıran ərzaq inflyasiyası isə 6 faizdən çox olur. Ancaq insanların real gəlirləri artmayıb. Real gəlirlərin artımı isə, təəssüf ki, əvvəlki illərdən aşağıdır”.
Günel CƏLİLOVA