Azərbaycanın aqrar strategiyasında yeni kurs - Əliyev buna nədən zərurət gördü...

Əli Əlirzayev: “Maraqlarımız təmin olunmaq şərti ilə başqa ölkələrdə torpaqları icarəyə götürmək sərfəlidir”

img

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində ölkənin ərzaq məhsullarına olan tələbatının təmin edilməsi ilə bağlı çox önəmli məqamlara toxundu.

Ölkə başçısı yerli imkanlar hesabına buğdaya olan tələbatın çətin olduğunu qeyd edərək ilk dəfə xaricdə torpaq sahələrinin icarəyə götürülməsini gündəmə gətirdi: “Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı hesab edirəm ki, lazımi addımları atırıq. Amma biz reallığı nəzərə almalıyıq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir. Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Bu da bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür”.

Görünən odur ki, ölkənin ərzaq buğdasına olan tələbatını dayanıqlı şəkildə təmin etmək üçün müxtəlif variantlar nəzərdən keçirilir. O cümlədən, başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi gündəlikdə dayanır. Belə məlumatlar var ki, Azərbaycan bu məqsədlə Ukraynada torpaq icarəyə götürəcək.

Bütün hallarda sözügedən ideyanı ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, ərzaq buğdasına olan tələbatı bu yolla təmin etmək məqbul variantdır: “Məsələ ondadır ki, bizdə torpaq sahələri o qədər də böyük deyil. Ərazilərimizin bir hissəsi dağlıqdır. Düzən olan torpaqların müəyyən hissəsi şoranlaşıb. Bizdə buğda istehsalı üçün o qədər də münbit şərait yoxdur. Taxıl əkinlərinin çoxu dəmiyə torpaqlarındadır. Hava şəraiti əlverişli olmadısa məhsul da olmur. Digər tərəfdən, elə ərazilər var ki, orada taxıl əkmək sərfəli deyil. Məsələn, cənub bölgəsində iqtisadi cəhətdən sitrus meyvəsi becərmək daha sərfəlidir, nəinki taxıl əkmək. Biz bütün torpaqlarda taxıl əksək, o zaman gərək digər kənd təsərrüfatı məhsulları becərilməsin. Bu baxımdan başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi ağıllı fikirdir. Bu metodla daha sərfəli şərtlərlə buğdaya olan tələbatı ödəmək olar. Sovet dönəmində xam torpaqların əkilməsində azərbaycanlılar da iştirak edirdilər. Bunun əvəzində ya küləş gətirirdilər, ya da buğda. İndi də hansısa ölkədə torpaq icarəyə götürüb buğda becərmək olar. Ora bizim işçilər gedib işləyə bilər. O şərtlə ki, həmin torpaqları bizim işçilər becərsin. Bu asılıdır müqavilələrdən və razılaşmalardan”.

Professor onu da əlavə etdi ki, Azərbaycanın maraqları təmin olunmaq şərti ilə başqa ölkələrdə torpaqları icarəyə götürmək sərfəlidir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər