QHT-lərin "bir pəncərə" prinsipi əsasında maliyyələşdirilməsi qaydalarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafına verilən növbəti mühüm dəstəyin göstəricisidir. Yeni mexanizm dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın daha səmərəli, şəffaf və sistemli şəkildə qurulmasına xidmət edəcək.
İndiyədək müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrılıqda həyata keçirilən maliyyələşdirmə prosesinin vahid platformada birləşdirilməsi həm dövlət vəsaitlərindən istifadənin effektivliyini artıracaq, həm də QHT-lər üçün daha əlçatan və bərabər imkanlar yaradacaq. Bu yanaşma layihələrin təkrarlanmasının qarşısını almaqla yanaşı, milli prioritetlərə uyğun təşəbbüslərin dəstəklənməsinə və resursların daha düzgün istiqamətləndirilməsinə imkan verəcək. Xüsusilə qrant məbləğlərinin artırılması və layihələrin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi QHT sektorunun daha keyfiyyətli, nəticəyönümlü və dayanıqlı layihələr həyata keçirməsinə stimul verəcək. Bu, həm də vətəndaş cəmiyyətinin dövlət siyasətinin həyata keçirilməsində iştirak imkanlarını genişləndirən mühüm addımdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu islahat QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olacaq, dövlət–vətəndaş cəmiyyəti tərəfdaşlığını daha da gücləndirəcək və ölkədə ictimai təşəbbüslərin dəstəklənməsi üçün daha müasir və effektiv idarəetmə modelini formalaşdıracaq.
Lamiyə İsazadə, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri.